Prezident İlham Əliyev BDU-nun tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak edib

18/09/2013

Açılışda iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məlumat verdi ki, mərkəzin ərazisi 8 hektardır. Ərazi 1970-ci ildən istifadə olunur. Son 20 ildə isə burada məcburi köçkünlər məskunlaşmışdı. Yeni binanın inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Tikinti işləri universitetin daxili imkanları hesabına aparılmışdır.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostend quraşdırılmışdır. Binada “Bakı Dövlət Universitetinin tarixi” və “Tədris-təcrübə və istirahət mərkəzinin tarixi” adlı fotoguşələr də yaradılmışdır.

Dövlətimizin başçısı və xanımı mərkəzin otelində yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin müəllim və tələbələrinin istirahətinə hər cür şərait yaradılmışdır. Burada həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Müxtəlif müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün burada konfrans zalları təşkil olunmuşdur. Böyük akt zalında istənilən tədbirin keçirilməsi üçün hər cür şərait vardır. Müəllim-tələbə heyəti 300 nəfərlik yeməkxananın xidmətlərindən də istifadə edə biləcəkdir. İdman zalları müasir avadanlıqla təchiz olunmuşdur. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Mərkəzin əsas bölmələrindən biri də kitabxanadır. Elektron formatda təşkil olunan kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanmışdır. Bundan əlavə, tədris-təcrübə və istirahət mərkəzində müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunmuşdur. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır.

Mətbuat və informasiya şöbəsi, 18 sentyabr 2013-cü il.




Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024