Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib
Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Tapdıq Həsənovun mənalı həyat yolu və elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1937-ci ildə anadan olan Tapdıq müəllim 1961-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə başa vurub. BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında assisent, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2007-ci ildə doktorluq dissertasiyasını mudafiə edərək cografiya elmləri doktoru elmi dərəcəsi və professor elmi adını alıb. Professor Tapdıq Həsənov eyni zamanda, Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanları təltif olunub.
Rektor çıxışının sonunda “Azərbaycan elminin və təhsilin inkişafında və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük roluna, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərinə və anadan olmasının 80 illik yubileyi munasibətilə” professor Tapdıq Həsənovu universitetin Fəxri fərmanı ilə təltif edib.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov yubilyarı təbrik edərək bildirib ki, 170-dən çox elmi əsərin, dərsliklər, monoqrafiyalar və çoxsaylı tədris proqramlarının müəllifi olan Tapdıq Həsənovun elmi-tədqiqat işlərinin əsas istiqamətləri müstəqil Azərbaycan təsərrüfatının təkmilləşdirilməsi və inkişafının coğrafi potensialı, iqtisadi coğrafi rayonlaşdırmanın elmi-metodiki tədbiqi sahələridir.
Digər çıxış edənlər professor Tapdıq Həsənovu kollektivin və tələbələrin hörmətini qazanmış qabaqcıl təhsil işçisi kimi xarakterizə edib, ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Mətbuat və informasiya şöbəsi, 26 may 2017-ci il.