Prorektor Aydın Kazımzadə Elmi Şura qarşısında hesabat verib

08/04/2015

Bu gün BDU Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti üzvləri, ali təhsil müəssisələrinin rektorları, BDU Elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2014-cü ildə də BDU “QS World University Rankings” reytinqinə görə dünyanın 700 top universitetinin, Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin, Avropa İttifaqının U-Multirank, həmçinin MDB-yə üzv ölkələrin universitetləri üzrə reytin  siyahısına daxil edilib. MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən BDU 40-cı pillədə qərarlaşıb.

İclasda 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.

Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 127 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.

Professor A.Kazımzadə qeyd edib ki, ümumiyyətlə 2014-cü ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 197 mövzu üzrə 1071 elmi iş yerinə yetirilmişdir.

Hesabat ilində Universitetdə fəaliyyət göstərən Dissertasiya Şuralarında 113 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 61 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə etmişdir. Ümumiyyətlə BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən müxtəlif ixtisaslar üzrə 13 elmlər doktoru və 89 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilmişdir.

Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 59 monoqrafiya, 74 kitab, 81 dərslik, 127 dərs vəsaiti, 2567 məqalə, o cümlədən 1952 məqalə respublikada, 615 məqalə xaricdə, 1321 tezis, o cümlədən 721 tezis respublikada, 600 tezis xaricdə, 28 metodik göstəriş, 404 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 25 doktorluq və 169 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik etmişlər. 17 doktorluq və 109 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy vermişlər.

Xaricdə nəşr olunmuş 615 məqalədən 138-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 23 %-i Tomson Reuter, Scopus və digər beynəlxalq agentliklər tərəfindən indekslənən impakt faktorlu jurnallarda nəşr olunmuşdur:

BDU əməkdaşları tərəfindən 14, o cümlədən BDU-nun sahibliyi ilə 8 patent alınmışdır.

Professor 2014-cü ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar kimya, fizika, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, biologiya, tarix, filologiya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrinin əməkdaşları  tərəfindən yazılıb və ABŞ, İngiltərə, Almaniya, Rusiya, Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında nəşr olunub.

Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 86 (45 beynəlxalq və 41 respublikadaxili) elmi layihələr həyata keçirilib. Bu layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7), Erasmus Mundus və TEMPUS Programları, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, Azneft İstehsalat Birliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2014-cü ildə də ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ali  məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəz kimi fəaliyyət göstərən Elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 korpusunda yerləşən Elmi kitabxanasının 14 şöbəsi, 5 abonementi, 15 oxu zalı müntəzəm surətdə oxucuların istifadəsindədir.

Bakı Dövlət Universitetinin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanmışdır.

Bakı Dövlət Universitetində dörd seriyada «Bakı Universitetinin Xəbərləri» jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi jurnallar, o cümlədən impakt faktorlu “Applied and computational mathematics” jurnalı öz fəaliyyətlərini davam etdirmişlər.

Bakı Dövlət Universitetində 2007-ci ildən «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. Liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası, biologiya və fizika kabinələri, idman zalı, tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir. Beş buraxılış üzrə Liseyi 179 şagird bitirmiş və onların hamısı nüfuzlu ali məktəblərə (o cümlədən 44-ü BDU-ya) daxil olmuşdur. 2013/2014-cü tədris ilində Respublika Olimpiadasında  şagirdlərdən 4 nəfəri I yer, 2 nəfəri III yer yer tutmuşdur; TQDK-nın məlumatına görə 2010-2014-cü illərdə qəbul imtahanlarında toplanılan orta bal və bəzi fənlər üzrə düzgün cavabların sayına görə Lisey I Yerə çıxmışdır. “Sabahın alimləri” Respublika müsabiqəsində Liseyin 9 şagirdi 5 Layihə ilə iştirak etmişdir. Müsabiqə nəticəsində 3 Layihə (4 şagird) I yer, 1 Layihə (3 şagird) II yer, 1 layihə (2 şagird) III yer tutmuşlar. Ötən ilin may ayında ABŞ-da keçirilən «Sabahın alimləri» Beynəlxalq müsabiqəsində Respublikamızı təmsil edən 3 layihədən 1-i «Gənc istedadlar» liseyinin şagirdlərinə məxsus olmuşdur. Bu il keçirilən “Sabahin Alimləri” müsabiqəsində Liseyin 17 şagirdi 9 Layihə ilə iştirak etmişdir. Müsabiqə nəticəsində 2 Layihə  I yer, 1 Layihə II yer, 3 layihə III yer tutmuşlar. Bu ilin may ayında ABŞ-da keçiriləcək «Sabahın alimləri» Beynəlxalq müsabiqəsində Respublikamızı təmsil edəcək 3 layihədən 1-i «Gənc istedadlar» liseyinin şagirdlərinə məxsusdur. Həmçinin Liseyin 2 tələbəsi Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) qalibi olmuş və qızıl medal almışdır.

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik Abel Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmri ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilmişdir. Müvafiq komissiyanın qərarı və Rektorun əmri ilə 16 professor-müəllim heyətinə, 14 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 10 nəfər doktorant, dissertant və magistrant və 6 nəfər tələbə 2014-cü ildə 5-ci müsabiqənin qalibi elan edilmişdir və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilmişdir.

Bakı Dövlət Universitetində 30 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 36 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Mətbuat və informasiya şöbəsi, 08 aprel 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024