Qafqazşünaslığa sanballı töhfə

19/02/2018

Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Bakı Dövlət Universitetinin “Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri İradə Hüseynovanın ali məktəblər üçün "Qafqaz xalqlarının tarixi" dərsliyi çapdan çıxıb. Bütün dünyanın geosiyasəti üçün mühüm bir regionda xalqların tarixi inkişafının bütün dövrlərini əhatə edən və çoxsaylı millətlərin, xalqların və qrupların etnik rəngarəngliyini özündə ehtiva edən bu nəşrin Azərbaycanda ərsəyə gəlməsi təsadüfi deyil.

Azərbaycan Respublikası Qafqazda qüvvələr nisbətinə görə mühüm mövqelərdən birini tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti təkcə regional miqyasda deyil, həm də dünya miqyasında şəksiz liderdir və hazırda Ulu Öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Bu gün demək olar, bütün dünya birliyi tərəfindən etiraf edilir ki, Azərbaycan siyasi, iqtisadi, bundan heç də az əhəmiyyət daşımayan mədəniyyət və təhsil sahələrində aparıcı rol oynayır.

Qədim dövrlərdən zəngin mədəni palitrası ilə seçilən Azərbaycan vahid məkanda mehriban qonşuluq şəraitində dinc yanaşı yaşayan və gözəl bəhrələr verən ümumi ənənələri olan müxtəlif etnos və konfessiyalardan ibarət bütöv bir dünyadır. Əzəldən burada multikulturalizm təkcə tolerantlıq kimi deyil, həm də tamdəyərli xalqlar dostluğu kimi səciyyələnib.

Haqqında söhbət gedən 1248 səhifədən ibarət irihəcmli dərslik oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında, bir-birini əvəzləyən nəsillər silsiləsində bu xalqların yerini və rolunu aydınlaşdırmaq istəyən hər kəsə kömək edəcək. Qafqazın tarixi müstəqil həyat və mədəniyyət hüququnu əsrlər boyu qoruyan xalqların tarixidir. Müəllif vurğulayır ki, dünyanın mədəniyyət, elm və təhsil xəzinəsinə sanballı töhfə vermiş Qafqaz xalqlarının nailiyyətləri, ilk növbədə, onların öz səylərinin bəhrəsidir.

Qədim dövrlərdən başlayaraq tarixi inkişafı mərhələ-mərhələ təhlil edən İradə Hüseynova qeyd edir ki, Qafqaz birliyi xalqları, onları bir-birindən ayıran müxtəlif həyat şəraitinə, inkişaf sürətinə və məsafə uzaqlığına baxmayaraq, çoxsaylı tellərlə bağlıdırlar. Onların bəziləri təsərrüfatçılıq, mədəniyyət və dövlət quruculuğunun inkişafında oxşar mərhələləri tez, digərləri gec keçiblər, bir-birinin ixtiralarını və əmək vərdişlərini mənimsəyiblər, öz ənənələrini və dünyagörüşlərini formalaşdırıblar. Oxuculara təqdim olunan dərslik bizim kim olduğumuzu, tarixi köklərimizin haradan qaynaqlandığını, Avropa və Asiya tarixində Qafqaz xalqlarının tutduğu yeri başa düşməyə kömək edəcək. Qafqaz dünyaya nə verib və ondan nələr əxz edib. Dünya mədəniyyətinə və sivilizasiyasına layiqli töhfə vermiş Qafqaz xalqları onların təşəkkül və inkişaf tarixinin obyektiv və gerçək şəkildə təqdim olunmasına layiqdirlər.

İradə Hüseynova vurğulayır ki, bəşəriyyət tarixi təkcə xalqların uzaq keçmişini sübut edən qədim dövrə hörmət əlaməti olaraq öyrənməyə çalışmır. Görünür, məqsəd daha dərindir: tutarlı faktlar əsasında xalqların inkişafının həqiqi və əhatəli mənzərəsini canlandırmaq.

Kitabda Qafqaz regionunda baş verən hadisələr və faktlar sistemləşdirilib, kompleks və əsaslandırılmış şəkildə obyektiv şərh edilib. Akademik tərzdə yazılmış əsərdə lüzumsuz ideologiyalaşdırmaya, ehkamçılığa və mifləşdirməyə yol verilməyib.

Bəzi regional və dünya aktorlarının geosiyasi ambisiyaları, keçmişə siyasətçilərin və mif yaradıcılığı ilə məşğul olan yalançı tarixçilərin maraqları prizmasından baxılmaması, ərazilərə hansı xalqların birinci sahib olması, onların müstəsnalığı, başqalarından üstünlüyü və bir-birinə qarşılıqlı iddiaları - bütün bu məsələlər Qafqaz xalqlarından və ilk növbədə Qafqaz üzrə mütəxəssislərdən həmin xalqların müasir dövrə qədərki inkişafının bütün tarixi mərhələlərində ictimai-siyasi proseslərin tədqiqinə daha dərin və ölçülüb-biçilmiş yanaşma tələb edir. Bu baxımdan professor İradə Hüseynovanın fundamental əsəri faktlara və hadisələrə milli baxışlar, minilliklər ərzində formalaşmış özünəməxsus mədəniyyət, mənəviyyat, ənənələr, mənəvi-əxlaqi dəyərlər prizmasından Qafqaz xalqlarının çoxəsrlik tarixinin yenidən dərk edilməsinə, öyrənilməsinə və şərh olunmasına tələbatı dəqiq və məqsədyönlü şəkildə stimullaşdırır. Müasir dövrdə Qafqaz ərazisindəki müstəqil dövlətlərdə baş verən hadisələr barədə geosiyasi informasiya dərslikdə ayrıca, yetərincə sanballı bölmədə təqdim edilir.

Elmi fəaliyyətinin böyük hissəsini gənc nəslin ümumbəşəri və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına həsr etmiş müəllifin çoxillik elmi-tədqiqat və pedaqoji fəaliyyətinin bəhrəsi olan "Qafqaz xalqlarının tarixi" kompleks sistemləşdirilmiş nəşrdir. Dərslik yeni reallıqlar, əsaslı şəkildə dəyişmiş geosiyasi şərtlər nəzərə alınmaqla, innovativ əsasda hazırlanıb. Bəzi xalqların etnik müstəsnalığına sosial sifarişlərin qarşısını almaq məqsədi daşıyan kitab "Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur", - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü sülhməramlı "Ümumqafqaz evi" ideyasını obyektiv əks etdirir.

Tarixin elmi konsepsiyasını – şəksiz təlim və tərbiyə vasitəsi olan biliklərin obyektivliyini rəhbər tutan professor İradə Hüseynova bu əsərinə xeyli faktoqrafiq və analitik material, çoxsaylı yazılı mənbələrdən, habelə artefaktlardan məlumat, oxucuların dərin düşünməsinə və onların öz mövqeyinin formalaşmasına kömək edən əlavə informasiya daxil edib. Nəşr hər bir oxucunu xalqların tarixi-mədəni irsinin nəsildən-nəslə ötürülməsi və qorunub saxlanılması problemləri və aspektləri barədə düşünməyə sövq etmək üçün də nəzərdə tutulub.

Tarixi biliklərin əldə edilməsi dünyanın tarixi prosesində Qafqaz xalqlarının yerini və rolunu başa düşməyə, onların dünya sivilizasiyasına töhfəsini qiymətləndirməyə, sələflərinin təcrübəsini mənimsəməyə və dürüst qavramağa, indiki və gələcək hadisələrə münasibət formalaşdırmağa kömək edəcək. Bakı Dövlət Universitetinin "Qafqaz xalqlarının tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın humanitar məsələlər komissiyası sədrinin müavini, elm, təhsil və texnologiyalar sahəsində xidmətlərinə görə Beynəlxalq Sokrat Mükafatı (Oksford, Böyük Britaniya) laureatı İradə Hüseynovanın fundamental əsəri bu baxımdan elm və təhsildə əlamətdar hadisədir.

Qeyd edək ki, professor İradə Hüseynova 250-dən çox elmi əsərin, o cümlədən elmi monoqrafiyaların, dərsliklərin, tədris vəsaitləri və proqramlarının müəllifidir.

Qədim zamanlardan bu günümüzə qədərki dövrü əhatə edən, ali məktəb tələbələri, magistrantlar, Qafqazşünas alimlər, tarix, regionşünaslıq, etnosiyasət, dünya geosiyasəti, beynəlxalq münasibətlərlə məşğul olan alim və mütəxəssislər üçün nəzərdə tutulan bu dərslik, həmçinin Qafqaz regionunun və bu regionda yaşayan xalqların tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə maraqlanan hər kəsə praktiki yardım göstərəcək.

AZƏRTAC


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024