Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti

19/03/2024

Yer kürəsində qlobal iqlim dəyişmələri son illər özünü daha da qabarıq şəkildə göstərməkdədir. Xüsusilə Şimal Buzlu Okeanında büzlaqların surətlə əriməsi, planetimizin müxtəlif ərazilərində təbii şəraitin kəskin dəyişilməsi, istixana effektinin yaranması, atmosferin zəhərli qazlarla çirklənməsi, ozon təbəqəsində iri həcmli deşiklərin əmələ gəlməsi və ən nəhayət, ayrı-ayrı ölkələrdə meşə yanğınlarının baş verməsi qlobal iqlim dəyişilmələrinin əsas göstəricidir. Ona görə də inkişaf etmiş ölkələrin rəhbərləri, alimləri, siyasətçiləri və digər sənət sahibləri qlobal istiləşməyə qarşı mübarizə aparmaq yollarını müəyyənləşdirməyin, cəmiyyəti və ümumilikdə canlıları xilas etməyin mümkünlüyü naminə birləşməyin vacibliyini vurğulayırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, “qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımızın çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”. Uzaqgörənliklə söylənilmiş bu fikirlər Xəzərin, eləcə də çaylarımızın, göllərimizin su bioehtiyatlarının qayğısına qalmaq, onun zənginliyini qoruyub saxlamaq və gələcək nəslə çatdırmaq kimi mühüm məsələləri əhatə edir.

Məlumdur ki, bu ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Dünyanın inkişaf etmiş ölkələri, xüsusən də ABŞ, İngiltərə, Almaniya kimi ölkələr bu konfransa xüsusi maraq göstərir. Bu baxımdan beynəlxalq əhəmiyyət daşıyan COP29 forumunun ölkəmizdə keçirilməsi cox qururverici bir hadisədir. Tarixə düşəcək bu konfrans Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevin dünyada qlobal məsələlərin həllində aparıcı rol oynadığını əyani surətdə göstərir. Forumda iştirak etmək üçün dünyanın aparıcı dövlətlərinin rəhbərləri, alimləri, müxtəlif sənət sahiblərinin, bütövlükdə çoxsaylı insanların iştirak etmələri gözlənilir və onun yüksək səviyyədə keirilməsi şübhə doğurmur. Çünki belə konfranslar doğma ölkəmizdə dəfələrlə keçirilib və bu sahədə Azərbaycanımızın təcrübəsi cox böyükdür.

Tarixən Yerdə iqlim qurşagı zaman-zaman dəyişib. Bu dəyişilmə min, hətta milyon illərlə özünü göstərib. Məlumdur ki, onurğalıların məməlilər sinfinə aid olan momontlar, quşlar sinfinə aid olan müasir dəvəquşukimilər tropik, subtropik, bəzi hallarda isə mülayim iqlim qurşağında yaşamağa uyğunlaşıblar. Ancaq onların qazıntı halında qalıqları bu heyvanların yaşadığı təbii şəraitə uyğun olmayan Sibirdə və Uzaq Şərqdə, yəni soyuq iqlim qurşağında tapılıb. Bu isə o deməkdir ki, bir neçə milyon il öncə Sibirin və Uzaq Şərqin müasir əraziləri tropik, ən pis halda isə subtropik iqlimə malik olub. Qlobal iqlim dəyişməsi çoxəsrli bir proses olub,  gələcəkdə də müşahidə olunacaq.

Orta illik temperatur 3-5 C artarsa, çaylarda, göllərdə və ümumən su tutarlarında orta temperaturun artması hesabına balıqların kürütökməsi vaxtından əvvəl baş verir, kürülərin keyfiyyət göstəriciləri aşagı düşür, mayalanma faizi azalır. Güclü iqlim dəyişmələri ali onurğalı heyvanların da orqanizminə kəskin təsir göstərir. Bu zaman  yağıntıların az olması səbəbindən yaşıl ot bitkilərinin vaxtından əvvəl quruması baş verir, təbii qida çatışmazlığı səbəbindən heyvanların böyümə və inkişafı normal getmir.

Bəs qlobal iqlim dəyişmələrinin qarşısını necə və hansı yolla almaq mümkündür?

Məlumdur ki, Azərbaycan ərazisinin 10-12 faizi təbii meşələrlə örtülüdür. Azərbaycan Cənübi Qafqazda ən az meşə örtüyü olan ölkələrdən biridir. Meşələr təbiətin “ağ ciyəri” olmaqla yanaşı, həm də istiliyin və ultrabənövşəyi şuaların udulmasında xüsusi əhəmiyyət daşıyır. Ona görə də ilk növbədə ölkəmizdə meşə və yaşıllıqların salınmasına diqqəti artırmaq lazımdır. Son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  həyata keçidiyi meşəsalma tədbirləri təqdirəlayiqdir. Bakı-Şamaxı, Bakı-Hacıqabul magistral yollarının kənarında salınan yaşıllıq zolaqları həm qlobal istiliyin tənzimlənməsi, həm də faunanın qorunması və bərpası baxımından cox faydalıdır. Bu məsələ Abşeron yarımadasında daha  vacibdir. Abşeron yarımadası tarixən ölkə əhalisinin geniş məskunlaşdığı, eyni zamanda neft və qazçıxarma sənayesinin inkişaf etdiyi ərazilərdir, yay aylarında isə radiasiyanan yüksəlməsi müşahidə olunur. Buranın iqlimi müxtəlif müalicəvi dərman (zəfəran),  ərzaq  (tərəvəzlər, taxıllar, zeytun, əncir, üzüm və s.) və ekzotik-bəzək bitkilərinin (müxtəlif sort qızılgüllər, nərgiz, qərənfil və s.) yetişdirilməsi, heyvandarlığın sənaye üsulu ilə inkişaf etdirilməsi üçün optimal şəraitə malikdir. Təəsüf ki, son illər təbiətdə baş verən dəyişilmələr, xüsusən də qlobal iqlim dəyişilmələri Abşeron yarımadasında da canlıların həyatına müxtəlif istiqamətlərdən təsir etməkdədir.Yarımadada neft və qazçıxarma işlərinin intensiv getdiyi ərazilərdə rekultivasiya işlərinin aparılması, bura üçün xarakterik olan iynəyarpaqlı ağacların əkilməsi, eləcə də zeytun bağlarının salınması qlobal iqlim dəyişilmələrinin qarşısının alınmasına səbəb olar.

Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində Qarabağ savaşından qalib çıxan və suverenliyini bərpa edən ölkəmiz azad olunmuş ərazilərdə geniş həcmli quruculuq-bərpa işləri aparır. Xüsusən Kəlbəcər, Laçın və Qubadlı rayonları ərazilərindəki dağ çayları üzərində salınan su elektrik stansiyalarının tikilib istifadəyə verilməsi qaz istehsalının azalmasını və forelçiliyin inkişafını təmin edir.
Azərbaycan qlobal istilik dəyişilmələrinə aid olan müxtəlif beynəlxalq konvensiyalara qoşularaq öhdəliklər götürməklə və ona layiqincə əməl etməklə dünyanın nümunəvi ölkələrindən olduğunu sübut edir. Misal kimi qeyd edək ki,  Azərbaycan fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan edib. Ölkəmiz həmçinin 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğunu bildirib. Metan qazının isə atmosferin ozon təbəqəsində iri miqyaslı deşiklərin əmələ gəlməsində mühüm rol oynadığı elmə çoxdan məlumdur.
“Qlobal Metan Vədi” 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. “Qlobal Metan Vədi”nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır.

Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür. Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. 2023-cü ildə yeni öhdəlik kimi 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması hədəf götürülüb. Bununla yanaşı olaraq, 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsinin hədəfləndiyi elan edilib.

Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəallığı ilə seçilən ölkəmizin “Qlobal Metan Vədi”nə qoşulması onun dünyada etibarlı yaşıl enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirəcək. Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək və töhfə verir, yaşıl hədəflər uğrunda daha çox səy göstərilməsini təşviq edir.

Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik” təşəbbüsü çərçivəsində uğurlu fəaliyyət Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, Azərbaycanın qlobal xarici siyasət kursuna keçməsi kifayət qədər ciddi hadisədir. Bu o deməkdir ki, rəsmi Bakı bundan sonra beynəlxalq aləmdə baş verən hadisələrdə daha fəal rol oynayacaq, hadisələrin nəinki iştirakçısı, həm də istiqamətləndirici olacaq.

Canbaxış Nəcəfov,
Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024