Qürurumuzun və şərəfimizin Murov zirvəsi

29/09/2020

Hər il çalışdığım doğma Bakı Dövlət Universitetindən məzuniyyətə çıxan kimi Göygöl rayonuna gedirəm. Gedirəm ki, Murovun ətəklərindən boylanıb doğulduğum - amma böyümədiyim, uşaqlığımın girov qaldığı yurd-yuvalarımızın havasını duyum, ətrini alım. Murovun bəri üzündə hər dəfə rastlaşdığım ən acı mənzərə isə nə Kəlbəcərdən axıb gələn - yurdumuzun dərdlərini ağlayan dağ çayı, nə qərib-qərib boylanan Murov zirvəsi, nə də hər addımda sızıltılarını duyduğum ruhlar olur. Toğanada içimi parçalayan, onsuz da sağalmayan yaramızı təzələyən, göynədən bir yol göstəricisidir: Üstündə “Kəlbəcər-80” yazılmış yol göstəricisi... Hər dəfə həmin lövhənin yanından Murovun o biri üzünə qərib-qərib boylanıram və fikirləşirəm ki, İlahi, belə də dərd olar? Evinin, ocağının, babalarının qəbrinin bir addımlığında olasan, amma yurda sarı bircə addım ata bilməyəsən...

Dünən atdıq bu addımı. Həm də iri addımlarla! Qətiyyətli addımlarla! Dəfələrlə çıxışlarında - nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik - deyən möhtərəm Prezidentimiz - Ali Baş Komandanımız İlham Əliyevin mahir sərkərdəliyi ilə əks hücuma keçən şanlı ordumuz illərlə qərib-qərib boylandığımız, qürurumuzun və şərəfimizin Murov zirvəsinə üçrəngli bayrağımızı sancdı!

Sənə zirvə yaraşır, şanlı ordum! Sənə ucalıq yaraşır, müqəddəs bayrağım! Murov zirvəsində qədəmlərin mübarək olsun, Azərbaycan əsgəri! Ruhun şad olsun, Polad Həşimov! Ruhun şad olsun, Murov qartalı - Raquf Orucov! Ruhun şaddır - bu günü gözləmədən Murov zirvəsindən aşaraq ondan da uca zirvəyə - şəhidlik məqamına yüksələn Həsən Həsənov! Gözün aydın olsun, illərdir bu zirvələri təkbaşına aşan Dilqəm Əsgərov! Şuşada qulaqların cingildəsin, Şahbaz Quliyev, Şuşanın da xilasına az qaldı, buna əmin ol və bizi səbirsizliklə gözlə! Gözün aydın olsun, Murov! Bilirəm, artıq ah-nalə çəkmirsən, sevincindən yerə-göyə sığmayıb Koroğlu kimi nərə çəkirsən. Bənövşələrin artıq saçını yolmur, nərgizlərin yaxasını cırmır, gül-çiçəklərin elini, obasını qarşılamaq üçün bəzənib-düzənirlər. Tərtər daha su yerinə qan axıtmır, sevincdən göz yaşları axıdır...

***

...Bu gün səhər çalışdığım doğma Universitetə gələndə hər kəsin gözündən, üzündən sevinc, dilindən dua yağırdı. İlahi, nə gözəl gündür bu gün. Hamı bir-birini təbrik edir, gənclər artıq Füzulidə, Cəbrayılda, Ağdərədə, Kəlbəcərdə dalğalanan, yaxın günlərdə isə Şuşada, Laçında, Xankəndində, Xocalıda, Xocavənddə, Ağdamda, Qubadlıda, Zəngilanda dalğalanacaq bayraqları Universitetin divarlarından asır. Divarlar da sevinir insanlar kimi. Doğma Universitetimin rektorundan tələbəsinə qədər hər kəs sevinclidir, qürurludur. Hamı bir nəfər kimi Ali Baş Komandanımızın, mahir sərkərdəmizin - cənab Prezidentimiz İlham Əliyevin, qüdrətli ordumuzun yanında olduğunu ifadə edir. Hər kəs - Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən! - əhval-ruhiyyəsindədir. Bütün Azərbaycan bu əhval-ruhiyyədədir. Səfərbərlik elan olunmamışdan artıq on minlər səfərbərlik üçün müraciət edib.

Dövlət başçısımızın bu həssas və şərəfli günlərdə verdiyi müdrik və qətiyyətli qərarlar xalqımız tərəfindən rəğbətlə, coşquyla qarşılanır. Ali Baş Komandanımızın sərkərdəliyi ilə şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr bizi bütün tarixi torpaqlarımıza hər saat, hər an daha da yaxınlaşdırır. Bu həssas günlərdə xalq-iqtidar birliyi, dost ölkələrin dəstəyi dövlətimizin mövqelərini daha da gücləndirir, insanlarımızı daha da ruhlandırır. Xalqımız müstəqil və qüdrətli Azərbaycanın qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin ideoloji xəttini ardıcıl və qətiyyətlə davam etdirən, Qarabağımızın işğaldan tamamilə azad olunması üçün prinsipial mövqe nümayiş etdirən cənab Prezidentimizə minnətdarlıq hisslərini ifadə edir. 2016-cı ilin Aprel döyüşlərindən, Lələtəpə fəthindən, Cocuq Mərcanlıya dönüşlə başlanan zəfər tariximizdən güc alan ordumuz daha artıq əzmlə döyüşür. Bilir ki, bu son döyüşdür! Hər kəsin dilində bir şüar səslənir: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

***

...Nədənsə yenə yadıma yay məzuniyyəti düşdü. Gələn yay Kəlbəcərə, İstisuya, Turşsuya məzuniyyətə sizlər gələcəksiniz, əziz həmkarlarım. Mən isə əvvəlcədən orda olacağam - sizi qarşılamaq üçün...

Ələmdar Cabbarlı

BDU-nun dosenti

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024