Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

14/06/2024

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır.

Dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Əziz bacı və qardaşlarım!

Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2024-cü il

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026