BDU-da 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

14/06/2023

Bakı Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününün otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanı ziyarət edib. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib. Daha sonra BDU-da Ulu öndərin büstü önünə gül dəstələri qoyulub.

Tədbirin rəsmi hissəsində Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 15 iyun tariximizə xalqımızın Milli Qurtuluş Günü, nicat günü kimi daxil olub.  1993-cü ilin mürəkkəb, ziddiyyətli və ağır iyun günlərində xalqımızı və ölkəmizi çətin sınaqdan yalnız fenomenal şəxsiyyət – Ulu Öndər Heydər Əliyev çıxara bilərdi. Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə ölkəmizin həyatında yeni mərhələnin əsası qoyuldu: “Ulu Öndərimizin 1993-2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Azərbaycan postsovet ölkələri ilə müqayisədə keçid dövrünün çətinliklərini daha uğurla arxada qoyub, sürətli dirçəliş mərhələsinə daxil oldu. Ölkəni bürüyən və xaricdən idarə olunan vətəndaş müharibəsinə, dövlət çevrilişləri cəhdlərinə birmənalı olaraq son qoyuldu. Dövlətimizin parçalanma təhlükəsi aradan qaldırıldı, tədricən əmin-amanlıq bərpa olundu. Bütün bunların sayəsində isə ölkəyə böyük həcmdə sərmayələr cəlb edildi. Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən dost və tərəfdaş ölkələrin sayı günü-gündən artdı. Xalqımızı bəlalardan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər qısa müddət ərzində bugünkü qüdrətli Azərbaycanın prioritetlərini müəyyənləşdirdi. Dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını hazırladı. Dahi şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsi isə həmin prioritetləri, inkişaf konsepsiyasını özündən sonra həyata keçirəcək siyasi varisini yetişdirməsi oldu”.

Rektor qeyd edib ki, 2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli qurtuluş konsepsiyasını inamla həyata keçirdi. Bununla da xalqımızın hərtərfli rifahına nail olundu. Ulu Öndərin bütün arzuları, planları və ən əsası özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşımız 2020-ci ilin 10 noyabrında müdrik rəhbərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti, peşəkar diplomatik gedişləri və mahir sərkərdəlik məharəti sayəsində öz məntiqi sonluğuna çatdı. Bununla da müstəqil, qüdrətli, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açıldı.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc çıxışında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb. Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının dayandığını bildirib.

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev çıxışlarında 15 iyunun Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024