Rektor birinci kursları təhsillə yanaşı elmi fəaliyyətə də çağırdı

23/10/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov I kurs tələbələri ilə görüş keçirib. İlkin olaraq Hüquq və Filologiya fakültələrinin tələbələri ilə baş tutаn görüşdə prorektorlar, adıçəkilən fakültənin dekanları, kafedra müdirləri və professor-müəllim heyəti iştirak edib.

Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu və fəxri doktoru, ümummilli lider Heydər Əliyevin «Azərbaycan xalqının milli sərvəti» adlandırdığı və mövcud olduğu 100 ilə yaxın dövr ərzində xalqımızın maariflənməsində, milli təfəkkürünün, milli özünüdərkinin formalaşmasında müstəsna rol oynayan BDU-nun bu gün də flaqman rolunu uğurla davam etdirdiyini deyən rektor Abel Məhərrəmov universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə məlumat verib. Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfərin qəbul edildiyini bildirib. Vurğulayıb ki, qəbul imtahanı verən tələbələrdən 500-700 arası bal toplayan 1500 nəfər BDU-nu seçib, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir. Bu göstəricinin ötən tədris ili ilə müqayisədə 204 nəfər çox olmasına diqqət çəkən rektor 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçiminin də BDU olduğunu və Prezident İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfərin universitet tələbələri olduğunu söyləyib.

Akademik Abel Məhərrəmov təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində isə 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirildiyini, təhsil alan tələbələrin sayının 22 mindən çox olduğunu, onların təlim-tərbiyəsi ilə 3000-dən çox əməkdaşın, o cümlədən 1500 nəfər professor-müəllim heyətinin məşğul olduğunu diqqətə çatdırıb.

Rektor yüksək bal toplayan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi, elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, onların müasir elmi metodologiyalar və elmi ədəbiyyatla işləmək qaydaları ilə tanış edilməsi, elmi- tədqiqatlarda real iştirakının təmin edilməsi məqsədilə elmi rəhbər kimi bir professor, dosent və ya elmi işçinin təhkim edilməsi ilə bağlı müəyyən göstərişlər verib.

Görüş tələbələrin çoxsaylı sualları ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 23 oktyabr 2017-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024