Rektor səfirlə görüşüb
Bu gün Bakı Dövlət Universitetinin rektoru,millət vəkili, parlamentin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilən Gürsel İsmayılzadəni qəbul edib. Universitet haqqında səfirə məlumat verən rektor, əsasən Yaponiya universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Bu ölkənin ali təhsil ocaqları, xüsusən də Qumma Universiteti ilə BDU-nun əməkdaşlığının olduğunu söyləyib. 2000-ci ildən Şərqşünaslıq fakültəsində Yapon dili və ədəbiyyatı ixtisasının fəaliyyət göstərməsindən, bu sahədə bakalavr və magistr hazırlanmasından, yapon dili üzrə elmi məktəbin formalaşmasından bəhs edib.
Səfirlə görüşün münasibətlərə yeni impuls olacağını vurğulayan rektor universitetlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Rektor Abel Məhərrəmovun fikirləri ilə həmrəy olan səfir Gürsel İsmayılzadə Prezident İlham Əliyevlə görüşündən danışıb və dövlət başçısının Yaponiya ilə bir çox sahələrdə münasibətlərin inkişafına, dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətdən, o cümlədən Azərbaycandan Yaponiyaya tələbə göndərilməsində maraqlı olduğundan bəhs edib. Bu baxımdan G.İsmayılzadə gələcək fəaliyyətində bu məsələyə xüsusi diqqətin olacağını qeyd edib.
Prezident İlham Əliyevin Yaponiyaya tələbə göndərilməsi ilə bağlı fikrinin əhəmiyyətinə toxunan rektor Abel Məhərrəmov dövlət hesabına təhsil alacaq gənclərin qayıtdıqdan sonra bir neçə il Bakı Dövlət Universitetində çalışıb mütəxəssis yetişdirmələrinin önəmini də qeyd edib.
Səfir Rektor Abel Məhərrəmovun parlamentin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyətini yüksək dəyərləndirdiyini, yeni təyinatı dövründə universitetə gəlməyinin görülən işləri daha da fəallaşdırmaq, müəyyən təkan vermək məqsədi daşıdığını, universitetlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Qarşılıqlı maraq kəsb edən digər məsələlərin də müzakirə edildiyi görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Şəlalə Məmmədova da iştirak edib.
BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 24 avqust 2011-ci il.