Rektorun hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirilib

01/07/2020

İyulun 1-də Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin BDU-nun hərbi xidmətə çağırılmış məzunları ilə onlayn görüşü keçirilib. Rektor məzunları təbrik edərək, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin edilməsində Azərbaycan Ordusunun müstəsna rolundan, qüdrətindən söz açıb.

E.Babayev 100 illik tarixə malik olan BDU-nun təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik tarixi şəxsiyyətlər yetişdirdiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb.

Əsası xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini deyib. Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.

Rektor hərbi xidmətə çağırılmış gənclərə Vətənə xidmətə sağ-salamat gedib, sağ-salamat evlərinə, ailələrinin yanına dönmələrini arzulayıb, dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb.

BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, məzunların universitetdə aldığı biliklər onlara həyatda layiqli yer tutmaq üçün yardımçı olacaq. Professor həmçinin ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs vəzifə olduğunu vurğulayıb.

Sonra valideynlər adından çıxış edən, Hüquq fakültəsinin məzunu Xəyal Talıbzadənin atası Eldəniz Talıbzadə ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdıraraq, bir valideyn kimi övladının hərbi xidmətə yollanmasından iftixar hissi keçirdiyini bildirib, məzun-əsgərlərə ölkəmizin ərazi bütövlüyünün qorunmasında müvəffəqiyyətlər arzu edib.

Onlayn görüşdə iştirak edən hərbi xidmətə çağırılmış məzunlar onlara göstərilən diqqət və qayğıya görə Universitet rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını söyləyiblər.

Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solistləri Aslan Əzimzadə və Rəqsanə Əsədovanın ifasında "Zəfər marşı" musiqisi səsləndirilib.

 


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024