RF-nın Tələbə-Gənclərinin nümayəndə heyəti BDU-da
Bu gün BDU-da Rusiya Federasiyası Tələbə-Gənclərinin nümayəndə heyəti ilə görüş keçirilib. Tədbiri açan universitetin elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev Şərqin ilk ali təhsil ocağı olan BDU haqqında ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən danışıb, Rusiya Federasiyası universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Professor, eyni zamanda, universitetin 32 beynəlxalq elmi qrant və proqramlar üzərində işlədiyini, bu yaxınlarda RF-nin Dubna şəhərindəki MDB-nin Nanotoxnologiyalar Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzaladığını bildirib.
Rusiya Federasiyasının Gənclər İctimai Palatasının və nümayəndə heyətinin rəhbəri Vadim Yurko çıxış edərək iki ölkə gəncləri arasında əlaqələrin inkişaf etmə zəruriliyindən, bu məsələdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rolundan bəhs edib. Bakı Dövlət və Moskva Dövlət universitetlərinin tələbələrinin əməkdaşlığının yeni mərhələyə keçməsindən, Azərbaycan tələbələri üçün MDU-da təhsil almaq üçün yaradılmış şəraitdən də söz açıb. Vadim Yurko MDU-nun jurnalistika fakültəsinin BDU-nun jurnalistika fakültəsi ilə ümumi layihələr həyata keçirməsində maraqlı olduğunu, bunun iki ölkə üçün uğurlu olacağını bildirib.
Beynəlxalq məsələlər üzrə prorektor, dosent Elxan Hüseynov Azərbaycan universitetlərinin, o cümlədən BDU-nun Rusiya universitetləri ilə əməkdaşlığa çox böyük önəm verdiyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prorektor problemin həm də BDU-da təhsil almaq istəyən əcnəbi tələbələrin sayının artmasına mane olduğunu əlavə edib. Qeyd edib ki, universitetin yataqxanalarının hamısında qaçqın və məcburi köçkünlər məskunlaşıblar.
MDU-nun Bakı filialının fəaliyyətindən danışan Beynəlxalq tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova filialın keyfiyyətli təhsil verməsi ilə bağlı qonaqları məlumatlandırıb.
İvanov şəhərinin Administrasiyasının İctimai və İnformasiya Siyasəti idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İvan Krisanov, «İNTER» Rusiya Aksioner Cəmiyyətinin ictimaiyyətlə əlaqələr üzrə müdiri, MDU-nun jurnalistika fakültəsinin müəllimi Anton Nazarov və digər şəxslərin çıxış etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Qonaqlar universitetlə tanış olub, Jurnalistika fakültəsinə, Rus Mərkəzinə baş çəkib və yüksək təəssüratla ayrılıblar.
Mətbuat və informasiya şöbəsi