Şərqşünaslıq fakültəsində Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Xocalı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekanı Aydan Xəndan Xocalı faciəsinin dünya və insanlıq tarixində humanizmə vurulan qara ləkə - genosid olması barədə məlumat verib, Xocalı qurbanlarına həsr edilmiş şeirini səsləndirib.
Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov Xocalı soyqırımı kontekstində ermənilərin türk-müsəlmanlara, xüsusilə Azərbaycan xalqına qarşı törətdikləri vandallıq aktlarından bəhs edib, Prezident İlham Əliyevin soyqırımın dünya miqyasında tanıdılması istiqamətində apardığı uğurlu siyasətdən danışıb.
Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli faciə baş verən zaman ölkədə olan ictimai-siyasi vəziyyət, ermənilərin anti-türk siyasəti haqqında məlumat verib.
Tədbirdə fakültənin Vətən müharibəsində iştirak edən tələbələri və ölkənin ən gənc Vətən müharibəsi qəhrəmanı Vüsal Yaqubov iştirak edib. Vüsal Yaqubov Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğunu, qətliam qurbanlarının ruhları qarşısında təsəlli tapmaq üçün döyüşlərdə canları və qanlarından keçdiklərini qeyd edib, döyüş yolu barədə xatirələrini bölüşüb.
Fakültənin dekan müavini Şahin Yusifli Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq miqyasda aparılan işlər, informasiya müharibəsinin davamlılığının təmin edilməsi, “Xocalıya ədalət!” kampaniyası, onun əsas məqsədləri barədə çıxış edib.
Türk filologiyası kafedrasının dosenti Nurlana Mustafayeva Xocalının coğrafi mövqeyi və düşmən üçün əhəmiyyəti, qətliam barədə beynəlxalq ictimaiyyətin reaksiyası, erməni terrorizminin mahiyyətinə diqqət çəkib, insanlıq əleyhinə törədilmiş qanlı faciənin tanıdılması istiqamətində gənclərin əməli fəaliyyətinə ehtiyacın duyulduğunu bildirib.
Tədbir bədii hissə ilə davam edib, Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.