“SABAHın məzunu” mərasimi keçirilib

05/06/2017

İyunun 4-də Heydər Əliyev Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHAM” adlı sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciətdə qeyd olunub ki, SABAH layihəsi cənab Prezidentin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

Müraciətdə SABAHın ilk məzunlarına uğurlar arzulayan Azərbaycan Respublikasının Birinci vitse-prezidentiMehriban xanım Əliyeva ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü qeyd edib. Müraciətdə SABAH könüllülərinin ölkəmizdə keçirilən iri miqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb.

Daha sonra SABAHın məzunları – Bakı Dövlət Universitetinin tələbəsi Günay İmanzadə və Azərbaycan Texniki Universitetinin tələbəsi Şahin Xəlilov SABAH qruplarında peşəkar müəllimlərdən aldıqları təhsildən danışıb, SABAHın yaratdığı imkanlar, qazandıqları bilik və təcrübənin gələcək karyeralarında müstəsna rol oynayacaqlarını bildiriblər.

Təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək SABAH qruplarının ilk məzun mərasiminin məhz ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu mərkəzdə baş tutmasının simvolik məna daşıdığını bildirib. Nazir qeyd edib ki, savadlı, bacarıqlı və hazırlıqlı gənclər ölkəmizin gələcəyini təmsil edir. Məhz bunun üçün də təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunub.

Mikayıl Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Təhsil naziri Birinci vitse-prezidentin müraciətinin təhsilə və gənclərə diqqət və qayğısının daha bir təzahürü olduğunu qeyd edib.

SABAHın əsas məqsədinin ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb. Çıxışının sonunda SABAHın məzunlarını təbrik edən təhsil naziri onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir.

2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.

SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinə şərait yaratmaq məqsədilə təşkil olunan fəaliyyətlər çərçivəsində SABAHın Könüllüsü layihəsi həyata keçirilib.

SABAH qruplarının müəllim-professor heyəti, ümumilikdə 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.

edu.gov.az

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024