Sadə İNSAN, böyük MÜƏLLİM

12/08/2022

Azərbaycanda informatika elminin inkişafında xüsusi xidmətləri olan alim - Ramin Mahmudzadə

Bir gün dünyaya gələn insan bir gün də onu tərk edir. Bu iki gün arasındakı ömür payında onun gördüyü  işlər, əməllər, dediyi sözlər, düşündüyü fikirlər, iştirak etdiyi hadisələr insanların xatirələrində qalır. Elə insanlar vardır ki, onlar haqqındakı xatirələr adi bir şey kimi ötüb keçir. Elə insanlar da vardır ki, onlar haqqında xatirələr insanların qəlblərinə təsir edir və göz yaşlarına səbəb olur.

Biz avqust ayının 8-də gözəl bir insanı itirdik. Ramin Mahmudzadə həyatını bitirdi və əbədiyyətə qovuşdu. Bu kədərli hadisədən mütəəssir olan insanlar onu son mənzilə yola saldılar. Coşqun, gözəl və yaradıcı bir həyata son qoyuldu...

Ramin Mahmudzadə 1935-ci il avqustun 31-də Bakı şəhərində görkəmli ədəbiyyatçı Əli Nazimin ailəsində dünyaya gəlmişdi. O, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə isə təhsilini Leninqrad Dövlət Universitetində davam etdirmişdir.

Təhsilini bitirdikdən sonra əmək fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. Ramin Mahmudzadə BDU-nun ən qocaman müəllimlərindən biri idi. Onun 60 ildən yuxarı pedaqoji stajı var idi. Sözün əsl mənasında o, gözəl insan və böyük müəllim idi. Ona müəllimlərin müəllimi desək daha düzgün olardı.

XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmləri (informatika) Azərbaycanda da sürətlə öyrənilməyə və inkişaf etdirilməyə başladı. Ramin müəllim bu istiqamətin ölkəmizdə inkişaf etdirilməsində ən böyük rol oynayan insanlardan biridir. Onu Azərbaycanın ilk proqramçısı adlandırmaq olar. Ramin müəllim kompüter elmlərini dərindən başa düşən, onu ürəkdən sevən, çox böyük həvəslə öyrənən və onu öz tələbələrinə böyük qayğıkeşliklə öyrədən bir şəxs idi. Hal-hazırda Azərbaycanın ali və orta məktəblərində onun yazdığı və hazırladığı kitablarla dərs keçilir. Onun düşüncələri və bu elmə olan böyük məhəbbəti sanki, bu kitablara hopmuşdur. Bu böyük məhəbbətin qığılcımları Azərbaycan xalqının yeni nəsillərinə kompüter elmlərini öyrənməyə ilham verəcəkdir.

Ramin müəllim bizim fikrimizdə və qəlbimizdə ağsaçlı, gülərüz, yüksək  enerjili, daim sevdiyi  elmi öyrənməyə  və öyrətməyə  çalışan çox qayğıkeş bir insan kimi qalacaqdır. İnanmaq olmur ki, bu gözəl insan daha kafedraya gəlməyəcək, özünün yumorlu, ağıllı və müdrik kəlmələri ilə heç kimin qəlbini daha sevindirməyəcək. Biz onu görəndə  çox sevinirdik. Yaxınlaşıb hal-əhval tutur və kompüter elmlərindəki yeniliklər barədə fikir mübadilələri edərdik. Onun çox güclü hafizəsi var idi, bütün yenilikləri daim izləyər və öz facebook səhifəsində yazardı.

Hamı bilir ki, kompüter elmləri ən sürətlə inkişaf edən və yeniləşən elmdir. Ramin Mahmudzadə bu elmin inkişaf dinamikasını tutardı, yenilikləri birinci öyrənib digər müəllimlərə də öyrənməyi tövsiyə edərdi. Paskal, C, C++ , Java, CA, Python, və s. proqramlaşdırma dillərini böyük həvəslə Azərbaycan gənclərinə öyrədərdi.

Onu xarakterizə edən ən əsas cəhətlərdən biri sadəliyi idi. Heç vaxt özünü dartmaz, böyüklə böyük, kiçiklə kiçik kimi danışardı. Tələbələrin çox böyük dostu idi. Hətta uzun illər bundan əvvəl dərs dediyi tələbələr də onunla əlaqə saxlayar və həmişə onu  məhəbbət və hörmətlə xatırlayardılar. O, tələbələrə mehribançılıq göstərir, onlarla çox yaxın idi. Vaxt vardı o, tələbələrlə turist səfərlərinə gedərdi, onları olimpiadalara aparardı, onlarla bir masada duz-çörək kəsərdi.

Sadələyinə görə mən onu dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə müqayisə edə bilərəm. Mən Azərbaycanın fəxri olan bu böyük alimlə şəxsən görüşmüş, söhbətlər etmiş və uzun müddət məktublaşmışam. Həm Lütfi Zadə, həm də Mahmudzadə öz ömürlərini kompüter elmlərinin inkişaf etdirilməsinə  və öyrənilməsinə sərf etmişlər. Hər iki alim azərbaycanlıdır və öz dünya baxışlarına görə çox sadə insanlar olmuşlar. Lütfi Zadə 97, Mahmudzadə isə 87 yaşında vəfat etmişdir. Lütfi Zadə çox sevdiyi  həyat  yoldaşı Fey xanımın ölümündən sonra heç bir il keçməmiş dünyasını dəyişdi. Mahmudzadə də çox sevdiyi həyat yoldaşı Şəfiqə xanımın ölümündən heç bir  il ötməmiş vəfat etdi. Hər iki azərbaycanlı alim peşəsini, öz elm sahəsini həddən artıq sevirdi. Hər ikisinin soyadı Zadə sözü ilə bitir, hər ikisi elmdə, təhsildə insanların qəlbində dərin izlər qoyaraq  dünyanı tərk etdi.

Ramin müəllimin güclü yumor hissi vardı. Biz onun xətrini çox istəyirdik, daim maraqlı söhbətlər edirdik. O, öz duzlu zarafatlarından qalmazdı. Təhsil prosesində də tələbələri gülə-gülə, zarafatyanı maraqlandıraraq ciddi biliklərə doğru aparırdı.

Bu əvəzsiz insan həm müəllimlərə, həm də tələbələrə atalıq qayğısı göstərirdi. Hər  hansı bir çətinlik olanda hamı onun yanına gedirdi. Tbilisi şəhərində keçirilən dünya olimpiadasına gedən  tələbələrin cibinə öz şəxsi vəsaitindən pul qoyur və onlara dəyərli məsləhətlər verirdi.

Göründüyü kimi,  bu  böyük insan həyatı  boyu bütün varlığı ilə Azərbaycan elminə və  təhsilinə xidmət etmişdir. Biz onunla elmi seminarlar keçirmiş, bir sıra innovativ layihələrə birlikdə rəhbərlik etmişik. Qəlbi saf, ürəyiaçıq və xoşrəftar olan belə bir insanla həmkar olmağı özümüz üçün böyük xoşbəxtlik hesab edirik.

Bu qədim dünyaya milyonlarla insanlar gəlir və gedir. Ramin Mahmudzadənin də ömrü bir qığılcım kimi yandı və söndü.

Ömür bir qığılcım

Həyat bir andır

Çalış qığılcımla

Çıraqlar yandır.

Ramin müəllimin qığılcımları artıq minlərlə azərbaycanlı gənclərin ürəyində əbədi şölənəcək çıraqlar yandırmışdır. Bu çıraqlar Azərbaycan xalqını böyük və işıqlı gələcəyə aparacaqdır.

Bakı Dövlət Universitetinin tarixinə Ramin Mahmudzadənin adı qızıl hərflərlə əbədi həkk olunacaqdır.

Bir də görürsən ki, açılan solur

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur.

Sirrini açmayır sirdaşa dünya.

Biz gəldi gedərik sən yaşa dünya!!

 

Məşhur şairimiz Səməd Vurğunun bu ölməz sözləri heç bir vaxt öz mənasını itirmir.

Bakı Dövlət Universitetində yüzlərlə müəllim dərs deyib və  bundan sonra da dərs deyəcəkdir. Lakin Ramin Mahmudzadə kimi dəyərli alimlərimiz haqqındakı xatirələr əbədi olaraq yaşayacaqdır. Belə gözəl insanlar dünyaya çox az gəlir. Azərbaycan xalqı onların qədrini bilir, dəyər verir və xatirələrini daim əziz tutur.


Fuad QURBANOV,

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin  baş müəllimi

https://www.muallim.edu.az/news.php?id=21645#prettyPhoto

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024