BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

01/11/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin (QMTTU) rektoru Meyram Beqentayev arasında elmi-texniki əməkdaşlıq və qarşılıqlı inkişaf perspektivlərinə dair görüş keçirilib. Görüşün məqsədi iki ali təhsil müəssisəsi arasında qurulmuş tərəfdaşlıq əlaqələrini genişləndirmək, birgə layihələr həyata keçirmək və elmi-texniki inkişaf sahəsində müasir yanaşmaların tətbiqinə dair fikir mübadiləsi aparmaq olub.

QMTTU-nun rektoru ilk olaraq Qazaxıstanın mühəndislik, texniki elmlər və tədqiqat sahəsində lider mövqeyindən bəhs edib. O, universitetin müasir texnologiyalara əsaslanan tədris və tədqiqat istiqamətlərinin uğurla həyata keçirildiyini, həmçinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.

BDU-nun regionun lider ali təhsil müəssisələrindən biri olduğunu vurğulayan rektor Elçin Babayev isə Universitetin tədris və tədqiqat sahəsində son illərdə əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. O, iki ölkə arasında mövcud olan möhkəm əlaqələrin təhsildə və elmdə də dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı tərəflər arasında müxtəlif sahələr üzrə mövcud əməkdaşlıq istiqamətləri, xüsusilə də BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Bioloji Texnologiyalar İnstitutunun magistratura proqramı bazasında “Neft kimyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramının icra vəziyyəti müzakirə olunub. Bundan başqa, tərəflər iki universitet arasında elmi tədqiqatların və innovativ layihələrin həyata keçirilməsinə dair xüsusi yeni əməkdaşlıq proqramlarının yaradılmasının əhəmiyyətini vurğulayıb. Xüsusilə materialşünaslıq, enerji effektivliyi, informasiya texnologiyaları və nanomateriallar sahələrində birgə tədqiqatların aparılması nəzərdə tutulur. BDU-nun və QMTTU-nun tələbə və müəllim heyətinin mübadiləsi üçün ikitərəfli proqramlar yaratmaq barədə razılığa gəlinib. Bu proqramlar çərçivəsində tələbə və müəllimlər bilik və bacarıqlarını artırmaq, yeni metodik təcrübələrdən faydalanmaq imkanı əldə edəcəklər. Görüşdə həmçinin, müasir texniki ixtisaslar üzrə birgə yeni ikili diplom proqramlarının yaradılması istiqamətində əməkdaşlıq təklifləri müzakirə olunub. Bu proqramlar tələbələrə hər iki universitetin akademik dərəcələrini əldə etmək imkanı yaradacaq və onların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıracaq. Tərəflər elmi konfranslar, seminarlar və simpoziumların birgə keçirilməsinə dair razılıq əldə edib. Bu tədbirlərdə dünya üzrə aparıcı elm adamları və tədqiqatçılar da iştirak edərək, iki universitetin tələbələri və tədqiqatçıları ilə təcrübə mübadiləsi apara biləcəklər.

Görüşün sonunda BDU rektoru Azərbaycan və Qazaxıstan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin elm və təhsildə də öz əksini tapmasının əhəmiyyətini qeyd edib. O, QMTTU ilə əməkdaşlığın hər iki ölkənin gələcək elmi inkişafına böyük töhfə verəcəyini vurğulayıb. QMTTU-nun rektoru isə bu əməkdaşlığın təhsil sahəsində innovativ layihələrin reallaşmasına, elmi mühitin daha da zənginləşməsinə yol açacağını bildirib.

Qeyd edək ki, bu görüş iki universitet arasında strateji əməkdaşlıq platformasının yaradılması istiqamətində mühüm addım olaraq dəyərləndirilir. Görüşün sonunda hər iki rektor öz məmnunluqlarını ifadə edib və gələcəkdə daha dərin əlaqələrin qurulmasının vacibliyini vurğulayıblar.

Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024