Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
Bakı Dövlət Universitetində (BDU) sentyabrın 25-də məsafədən təşkil olunan ilk dərslər 27 Sentyabr – Anım Gününə həsr edilib.
Dərslərdə tələbələrə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan və qazanılmış tarixi Zəfərdən bəhs olunub.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan uzun illər işğal altında qalmış ərazilərinin böyük hissəsi üzərində nəzarəti bərpa edib. Müharibə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, xalqın birlik və həmrəyliyinin mühüm nümunəsi kimi tarixə düşüb.
Qeyd olunub ki, 2023-cü il sentyabrın 19–20-də keçirilən və 23 saat davam edən antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının suverenliyi bütün ərazilərində tam bərpa olunub. Vurğulanıb ki, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasında Azərbaycan xalqının həmrəyliyi, hərbçilərin fədakarlığı, şəhidlərin və qazilərin göstərdiyi qəhrəmanlıq xüsusi yer tutur.
Dərslərdə gənc nəslin Azərbaycanın yaxın tarixində baş vermiş hadisələri dərindən öyrənməsinin, Vətən müharibəsində qazanılmış Zəfərin tarixi və ictimai-siyasi əhəmiyyətini düzgün dərk etməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, tarixi yaddaşın qorunması, Vətənə bağlılıq və dövlətçilik dəyərlərinin gələcək nəsillərə ötürülməsi ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdəndir.
Anım Gününə həsr olunan ilk dərslərdə Vətən müharibəsində şəhid olmuş BDU məzunları haqqında da məlumat verilib. Onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs olunub, əziz xatirələri dərin ehtiramla yad edilib.
