BDU-nun 105 illik yubileyi çərçivəsində fakültələrin təqdimatı: Şərqşünaslıq fakültəsi
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar BDU-nun Şərqşünaslıq fakültəsinin “Uğur yolu” adlı tədbiri keçirilib.
Tədbirdə çıxış edən rektor Elçin Babayev belə mərasimlərin keçirilməsi ilə 105 illik yubiley çərçivəsində BDU-nun zəngin, şərəfli tarixinə nəzər salındığını deyib. O bildirib ki, Şərqşünaslıq fakültəsi BDU-nun ən qocaman fakültələrindən biridir. Bu fakültə yarandığı gündən irəlidə gedən fakültələrdən olub: “Şərqşünaslıq fakültəsinin tələbələri hər zaman öz müəllimləri haqqında fəxrlə danışıblar. Çünki bu fakültədə böyük şəxsiyyətlər Nikolay Marr, İvan Meşşaninov, Vasili Bartold, Aleksandr Samoyloviç, professorlar Nikolay Aşmarin, Aleksandr Romaskeviç, Rozaliya Şor, Bəkir Çobanzadə, Əziz Qubaydulin və başqaları böyük elmi-pedaqoji iş aparıblar. Fakültənin inkişafında akademik Həmid Araslı, professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Aida İmanquliyeva, Mübariz Əlizadə, Əhməd Şəfai, Neyyerzaman Hatəmi, Həsən Mahmudov, Malik Mahmudov, Mirzə Rəhimov, Aniyə Ələkbərova, Aslan Eyvazov, Şulan Şirəliyev, dosentlər Əli Azəri, Həsən Əlizadə, Yusif Şirvan, Yusif Ziya Şirvani, Təhmurəs Cahani, Ağadadaş Dadaşov, Əbdüləli Kərimov, Fəxrəntac Zülfüqarova, İsmayıl Şəms, Tofiq Cahangirov və başqaları əvəzsiz xidmətlər göstəriblər. Bu gün də fakültədə kifayət qədər tanınmış alimlər, professorlar yüksəkixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər. Şərqşünaslıq fakültəsində müxtəlif ölkələrin filologiyası, dili, tarixi, ənənələri və coğrafiyası öyrənilir. Hazırda Şərqşünaslıq fakültəsində ərəb dili, fars və türk dillərini əhatə edən Yaxın Şərq dilləri, eyni zamanda ibri, yapon, urdu, Çin və Koreya dilləri tədris olunur. Fakültənin tələbələri Azərbaycanın müxtəlif ölkələrindəki səfirliklərində yüksək rütbələrdə fəaliyyət göstərir, müxtəlif tədbirlərdə tərcüməçi kimi iştirak edirlər. Bütün bunlar bizi daim sevindirir və işimizi daha yüksək səviyyədə qurmağa təşviq edir”.
Yüksək standartlara cavab verən tədris auditoriyalarında, müasir dövrün tələblərinə cavab verən şəkildə tələbələrin tədris prosesinə cəlb edildiyini deyən rektor Şərqşünaslıq fakültəsinin tələbələrinə hər zaman BDU-nun adına layiq olmağı arzu edib: “BDU tələbələri kimi daim qüdrətli və çiçəklənən Azərbaycanımızın inkişafına, tərəqqisinə çalışmalısınız”.
Sonra Şərqşünaslıq fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin 103 yaşlı tarixinin başlanğıcının ötən əsrin 20-ci illərinə gedib çıxdığını bildirib. O qeyd edib ki, fəaliyyəti dövründə Şərqşünaslıq fakültəsi daim ölkənin qabaqcıl fakültələri sırasında yer alıb. Fakültənin yetirmələri ustadlarının qayğısı, tələbkarlığı sayəsində onların yolunu davam etdirərək, özləri də pedaqoji fəaliyyətə başlayıb və artıq fakültə tarixinin bir hissəsinə çevriliblər. Fakültədə ixtisasın dili, ədəbiyyatı ilə yanaşı, tam region da öyrənilir: “Hazırda Çin filologiyası üzrə təhsil alan fakültə tələbələri bu yay Çinin Anhui Universitetində yay düşərgəsində olub, üçüncü kursdan isə göstəriciləri yüksək olan tələbələr həmin universitetdə ikili diplom proqramı üzrə təhsil alacaqlar. Tələbələrimiz mütəmadi şəkildə dil yarışlarında iştirak edir, birinci yerin qalibləri isə Yaponiya, Çin, Koreyada təhsillərini davam etdirmək şansı əldə edirlər. Bu il Qətər Universiteti ilə memorandumun imzalanması baş tutacaq, Ayn Şəms Universiteti ilə də danışıqlar aparılır. Fakültə xarici səfirliklər, Yunus Əmrə İnstitutu, TİKA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi müxtəlif qurumlarla sıx əməkdaşlıq edir. Fakültənin məzunları böyük şərqşünaslar ordusu yaradıblar”.
Daha sonra Milli Məclisin üzvü, Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədova, tələbələr Qüdrət Yusifli, Sevda Məcidli, Rəna Ağayeva çıxışlarında fakültənin tarixindən, tələbəlik həyatından danışıb, xatirələrini bölüşüblər. Şərqşünaslıq fakültəsinin hazırda Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edən 4 məzununun videomüraciəti izlənilib.
Tədbir tələbələrin müxtəlif Şərq dillərində çıxışları ilə başa çatıb.