Səidə İmanzadənin 100 illiyi qeyd olunub

11/01/2013

Bu gün Bakı Dövlət Universitetində görkəmli Azərbaycan ziyalısı, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı olmuş Əməkdar müəllim Səidə İmanzadənin 100 illik yubileyinə həsr olunmuş «Nura boyanmış ömür» kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov deyib ki, kitab XX əsr tariximizdə qadınların azadlığı, onların fəal ictimai həyata cəlb olunması, cəhalətdən qurtulması naminə xalqın övladlarına savad vermək, onların maariflənməsi uğrunda qarşısına çıxan çətinliklərə mətinliklə sinə gərərək mərdliklə mübarizə aparmış, elmin inkişafı sahəsində misilsiz işlər görmüş, ömrünü məktəb, təhsil, maarif işinə həsr etmiş, qadın azadlığı uğrunda yenilməz mübariz, pedaqoq, alim, ictimai xadim Səidə İmanzadənin ömür yoluna işıq salır.

Rektor deyib ki, böyük maarifçilik ənənələrinə, geniş dünyagörüşə malik bir ailədə dünyaya göz açan Səidə xanım Tarix və ictimaiyyət fakültəsini bitirib, müəllimliklə yanaşı, ictimai fəaliyyətini uğurla davam etdirib. 1943-cü ildə 132 nömrəli məktəbə direktor təyin olunan Səidə xanım kadr çatışmazlığı olduğuna görə Bakı Dövlət Universitetinin tarix fakültəsində də dərs deyib, 1946-cı ildən isə o, taleyini universitetlə bağlayıb, dövrünün ən yüksək mükafatlarına layiq görülüb. Rektorun sözlərindən məlum olub ki, Səidə İmanzadə uzun illər universitetin tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyət göstərib, SSRİ tarixi kafedrasında dosent vəzifəsində işləyib, keçmiş SSRİ tarixinin yeni dövrü üzrə yüksək səviyyədə və məzmunlu mühazirələr oxuyub, ixtisas kursları tədris edib. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, S.İmanzadə fakültənin dekanı olarkən ümummilli liderimiz Heydər Əliyev BDU-nun tarix fakültəsində təhsil alıb. Səidə xanım ulu öndərin xüsusi istedadı və bacarıqları haqqında öz xatirələrində fikirlərini bölüşüb, onu dərin zəka sahibi adlandırıb. Rektor bildirib ki, Respublikanın qocaman pedaqoqu, alimi və ictimaiyyətçisi, saçlarını maarif işində, xalqımızın tərəqqisi yolunda ağartmış, mənalı ömür sürmüş, nəsillərə örnək olan bu nəcib insanın, işıqlı şəxsiyyətin nurani siması, unudulmaz xatirəsi həmişə bizimlədir. Bütün həyatını gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş Səidə xanım İmanzadə hər zaman parlaq şəxsiyyət obrazı kimi tanınacaqdır. Universitet kollektivi onun müqəddəs xatirəsini hər zaman uca tutur. Onun adına təqaüd təsis edilmiş, ən yaxşı oxuyan 3-cü kurs tələbəsi Səidə Quliyevaya Səidə İmanzadə adına təqaüd verilir. Səidə İmanzadə tariximizə yazılan nüfuzlu alimlərimizdən biri kimi hər zaman yaşayacaqdır.

AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov «Xalqına nur paylayan insan» adlı məruzə edib.

Sonra tarix fakültəsinin dekan müavini Rəfael Süleymanov, kafedra müdirləri - Anar İsgəndərov, İradə Hüseynova, professorlar - Nisbət Mehdiyeva, Sevda Süleymanova, «Nura boyanmış ömür» kitabının müəllifi Xeyrulla Ağayev, Respublika Klinik xəstəxanasının həkimi Sədaqət Qurbanova çıxış edib.

Ailə adından danışan ölkəmizin Tunisdəki səfiri, Səidə xanımın oğlu Mübariz İmanzadə tədbir təşkilatçılarına minnətdarlıq edib.

Mətbuat informasiya şöbəsi, 11 yanvar 2013- il.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024