Əsmətxanım Məmmədovanın 70 illik yubileyi keçirilib

07/04/2012

Bu gün Bakı Dövlət Universitetində tanınmış şərqşünas alim, İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov yubilyarı təbrik edərək, onun elmi, pedaqoji, ictimai-siyasi fəaliyyətinindən danışıb. 45 illik pedaqoji təcrübəyə malik Ə.Məmmədovanın 150-yə yaxın məqaləsinin ölkəmizdə və xaricdə çap olunduğunu deyən rektor onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsinin İranda müxtəlif dillərdə 4 dəfə çap olunduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, alimin elmi axtarış və düşüncələrini ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 10 kitabın müəllifi Ə.Məmmədova 2 dəfə Milli Məclisin deputatı seçilib.

Tədbirdə BDU-nun İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov alımın həyat və elmi yaradıcılığı haqqında danışıb. Məlum olub ki, Əsmətxanım Məmmədova 1941-ci ildə Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub, 1958-ci ildə 187 nömrəli məktəbi əla qiymətlərlə bitirib və BDU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsinə qəbul olunub. Hələ tələbə olarkən “Fars ədəbi dili və Tehran dialektində baş verən fonetik dəyişikliklər” məruzəsinə görə Moskva Dövlət Universitetinin Fəxri fərmanı və fəxri tələbə bileti ilə təltif edilib. 1965-ci ildə universiteti bitirən Ə. Məmmədova Elmi Şuranın qərarı ilə kafedrada saxlanılıb, 1966-cı ildə aspiranturaya daxil olub. Onun 2007-ci ildə nəşr olunan “Fars dilində vurğu” eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həmçinin ümumi dilçilik üçün təcrübi nəticələrlə zəngindir. “Fars dilinin orfoqrafiyası” kitabı bu sahədə mütəxəssislər və tələbələr üçün əyani vəsait kimi nəzərdə tutulub. Alimin “Lətifələr, yumoristik hekayələr və tapmacalar” adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birgə) çap olunan dərs vəsaiti fakültə tarixində ilk təcrübədir.

Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, parlamentin deputatları Elton Məmmədov, Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova, universitetin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev, Akademiyanın Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Xalq Artisti Əlibaba Məmmədov və digərləri yubilyarı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mətbuat və İnformasiya şöbəsi, 07 aprel 2012-ci il

 


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024