Söz və mətbuat azadlığının salnaməçisi
12/09/2018
Söz və mətbuat azadlığı problemi dünya jurnalistikasında hələ də aktuallığını saxlamaqdadır və müasir medianın inkişafında, şübhəsiz ki, bu problem ən çox müzakirə olunan mövzulardandır. İnformasiyanın sərbəst və sürətlə yayıldığı indiki zamanda söz və mətbuat azadlığına münasibət bir çox yönləri ilə diqqət çəkir. Bu problemə əksər nəzəriyyəçilərin elmi və konseptual yanaşmaları əslində mövzunun dərin və çoxşaxəli olduğunun göstəricisidir.
Azərbaycanda da bu problemə münasibət hər zaman öz aktuallığı ilə seçilib və XX əsrin əvvəllərindən başlayaraq bir çox ədiblərimiz müxtəlif mətbu nəşrlərdə məsələyə öz münasibətlərini bildiriblər. Çar Rusiyasını sarsıdan Rus-Yapon müharibəsi və 9 yanvar Qanlı bazar günündən sonra Azərbaycanın "düşünən beyinləri” özünüidarə formaları axtarır, azadlıq ideyalarını təbliğ edəcək vasitə kimi mətbuatı mədəni-mənəvi tərəqqinin, ictimai mübarizənin əsas qüvvəsi hesab edirdilər. Təsadüfi deyil ki, 1905-ci ildə "Həyat”la başlanan yol "İrşad”ın yolgöstərənliyi ilə davam edib, "Molla Nəsrəddin” jurnalı vasitəsilə xalqın qaranlıq dünyasına işıq salmağa, "Füyuzat”la "azadlıq ideyalarının” hamı tərəfindən mənimsənilməsinə səbəb olurdu.
Belə bir mürəkkəb dövrdə Azərbaycan mətbuatı və onun aparıcı qüvvələri öz imkanlarını səfərbərliyə alır, müxtəlif üsul və vasitələrlə xalqa fikir və düşüncələrini çatdırırdılar. Əhmədbəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Sultan Məcid Əfəndiyev kimi ziyalıların söz və mətbuat azadlığı uğrunda apardıqları mübarizə, söylədikləri fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır.
Söz azadlığı insanların yaşadıqları ölkədən asılı olmayaraq, hüquq və azadlıqlardan istifadəni nəzərdə tutan ən mühüm dəyərlərdən biridir. Mətbuat azadlığı isə insan haqlarının bünövrə daşı, bütün başqa azadlıqların qarantıdır. Mətbuat azad olmalıdır və məzmunundan asılı olmayaraq, dərc edilmiş hər hansı yazıya görə heç kəs cəzalandırılmamalıdır. Mətbuat azadlığı olmayan yerdə ədalətli siyasət də ola bilməz. Azad sözün və azad mətbuatın mövcud olmadığı cəmiyyətdə hər hansı demokratik təsisatlardan danışmaq mümkün deyil. "Mətbuatın əsarəti əxlaq pozğunluğu törədir, əxlaq gözəlliyi və yaxşı xüsusiyyətləri aradan çıxarır, yalan danışmağı, oğurluğu, əyrilik və casusluğu yayır, ədəbi və qələm pozğunluğu meydana çıxarır” (Rəsulzadə M.Ə. Əsərləri. Beş cilddə. II cild, 1909-1914 - Bakı, 2014, s.79).
Azad mətbuat, söz azadlığı olmadan müstəqil institutların bütün zahiri forma və strukturları saxtadır. Əgər mətbuat azad, söz müstəqil və açıq deyilsə, fikir qorxudan qandallanıb gücsüz edilirsə, hansı hakimiyyət forması altında yaşadığının heç bir fərqi olmayacaq. Dünyanın siyasi və ictimai nizamını düzənləyən cəmiyyət "azad mətbuat nə üçün lazımdır” sualının aktuallığı barədə daim düşünmüşdür. Görkəmli publisist Üzeyir Hacıbəyli mətbuat azadlığının əhəmiyyətindən bəhs edərək yazırdı: "...Hürriyyəti-kəlamın, yaxud azadi-mətbuatın ümumxalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində ümum əhalinin və ya məlum bir camaatın mübtəla olduğu dərdini şərh edib müalicəsi üçün tədbirlər axtarmaq mümkündür”.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuat azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısı olmuşdur. Həmin dövrdə söz və mətbuat azadlığını təsbit edən hüquqi sənədlər qəbul edilmiş, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin rəhbərliyi ilə "Azərbaycan” qəzeti fəaliyyətə başlamışdır. Qəzet cümhuriyyət ilklərini öz səhifələrində dərc edərək, Şərqin ilk demokratik ölkəsinin azadlıq və maarifçilik carçısına çevrilmişdir. Bu gün də "Azərbaycan” qəzeti bu missiyanı ləyaqətlə davam etdirir.
Şübhəsiz ki, söz və mətbuat azadlığı problemi ölkə mediasının da gündəmdə saxladığı başlıca mövzulardandır və tarixi ənənəsi olan "Azərbaycan” qəzetində bununla bağlı dərc edilən məqalələr diqqətəlayiqdir. Bu il 100 illiyini qeyd etdiyimiz cümhuriyyətimizlə yaşıd olan "Azərbaycan” qəzeti öz ənənələrinə sadiq olaraq mövzu ilə bağlı dərc olunan yazılarında maarifçilik dəyərlərinə bağlılığını nümayiş etdirməkdədir. Elə qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun "Azərbaycan və azərbaycanlı adına layiq olmaq...” adlı məqaləsində biz bunun şahidi ola bilərik: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz yaşı tamam olur... Cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətinin... Hər dəfə Yaxın Şərqdə ilk demokratik respublika quranları xatırlayanda onların şəxsiyyətlərinə və bilgilərinə heyrət etmişəm! Bu insanlar nə qədər vətənpərvər olmuşlar! Bu insanlar Azərbaycana və azərbaycanlı adına nə qədər sadiq olmuşlar! Bu insanlar nə qədər geniş dünyagörüşlü və əqidəli olmuşlar!”
Bəxtiyar müəllim "Talesiz qəzet” və "100-ə qədəm qoyarkən” adlı məqalələrində isə qəzetin keçdiyi çətin, lakin şərəfli tarixi yola bir daha nəzər salaraq, onun Azərbaycan jurnalistikası tarixində oynadığı əhəmiyyətli rola və eləcə də ölkəmizdə söz və mətbuat azadlığının ənənələrinin formalaşmasındakı qatqılarına diqqət çəkməkdədir.
Müəllif haqlı olaraq qeyd edir ki, müstəqilliyi arzulamaq, onu elan etmək asandır, müstəqil dövləti qurub yaşatmaq, dünyaya tanıtmaq, qəbul etdirmək, qoruyub saxlamaq isə daha çətindir: "Bu məsələdə məqsədyönlü və əməli fəaliyyətlə yanaşı təbliğat və təşviqat işlərini düzgün qurmağın, xalqı səfərbərliyə almağın, görülən işləri və qarşıda duran vəzifələri ölkə vətəndaşlarına düzgün çatdırmağın da əhəmiyyəti böyükdür. Odur ki, Xalq Cümhuriyyətinin qurucuları yeni dövrün yeni qəzetini buraxmaq barədə qərar qəbul etdilər”.
Məqalədə də qeyd edildiyi kimi, "Azərbaycan” öz dövrünün ensiklopedik nəşri sayılırdı. Və vurğulanmalıdır ki, qəzetin bu cür nəşrinin başlıca səbəbi də onun müəllifləri və daimi yazarları ilə bağlı idi. Qəzetin həm redaktorları, həm də əməkdaş və müəllifləri dövrün siyasi proseslərinin mərkəzində olanlar, hadisələrin birbaşa iştirakçıları, müasir dünyagörüşlü və təcrübəli qələmə malik insanlar, millət vəkilləri idi. Qəzetdə ən çox görünən imzalar C.Hacıbəyli, Ü.Hacıbəyli, Ş.Rüstəmbəyli, X.İbrahimli, M.Ə.Rəsulzadə, F.Ağazadə, M.Hadi, H.İ.Qasımov, M.Şahtaxtlı, A.Ziyadxanlı, Ə.Müznib, Ə.Cavad və başqalarıdır.
Lakin söz və mətbuat azadlığından sui-istifadə hallarının da fəsadlarının nə dərəcədə ağır və dağıdıcı olduğunu ələlxüsus biz jurnalistlər - söz sahibləri bilməkdəyik. XXI əsrdə informasiya texnologiyalarının yüksək inkişaf etdiyi dövrdə sözün gücü və medianın təsiri milyonlarla insanın təsir altına salınaraq yönləndirildiyi, informasiya müharibələri vasitəsilə mədəni ekspansiyanın aparıldığı, dəyərlərin qarşı-qarşıya gətirilərək savaşdığı bir dövrdə yaşamaqdayıq. Bu gün Azərbaycana qarşı da informasiya müharibəsi aparılmaqdadır. Mediamız gündəlik olaraq xarici KİV-in informasiya manipulyasiyasına məruz qalır, informasiya məkanımıza və təhlükəsizliyimizə təhdidlərlə üzləşir. Məhz bütün bu amillər mövzunun hansı dərəcədə bizim üçün aktual və vacib olduğunun ən başlıca göstəriciləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, ölkəmizə qarşı informasiya müharibəsi aparılır. Azərbaycanda ən yüksək səviyyədə informasiya təhlükəsizliyi probleminə diqqətlə yanaşılması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə birbaşa toxunması da əyani şəkildə sübut edir: "İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur. Biz indi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsinə çalışırıq və buna nail olacağıq. Əlbəttə, informasiya təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır. Çünki qlobal informasiya məkanında informasiyalarla bərabər, təxribatlar da kifayət qədər çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi hallarda məxfi, yəni gizli xarakter daşıyır.
Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri ilk növbədə erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır”.
Bu hallar bizim çiynimizə böyük məsuliyyət yükü qoymaqdadır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qeyd etdiyi kimi, bu gün Azərbaycanın üzərinə gələn bəzi beynəlxalq dairələrin məqsədyönlü şəkildə söz və məlumat azadlığından sui-istifadə etdiyini və jurnalistlərin konkret istiqamətə yönəltdiyini unutmamalıyıq: "Bu gün böyük dövlətlərdə baş verən hadisələr həmin ölkələrin bəlli dairələrinin senzurasından keçirilərək onlara məxsus transmilli media vasitəsilə dünyaya təqdim olunur. Üstəlik, həmin transmilli media ayrı-ayrı müstəqil ölkələrdə, məsələn, müsəlman dövlətlərində baş verən hadisələri də həmin dairələrin maraqları prizmasından dünyaya çatdırmaq istəyir”.
"Azərbaycan” qəzetinin kollektivi məhz bu ağır yükün məsuliyyətini - sözün qüdrətini və dəyərini bilməkdədir. Bununla əlaqədar olaraq "Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqovun "Azad söz və azmış söz” məqaləsini oxumaq kifayət edər: "Azad söz söyüş və təhqirə xidmət edəndə gözdən düşür, insanı ciyrindirir, azad fikrə qulluq edəndə isə fayda gətirir! Təhqiramiz söz həm də yolunu azmış söz sayılır!”
Yuxarıda vurğuladığımız kimi, qəzet indi də həmin tarixi missiyanı uğurla davam etdirməkdədir. Müstəqil mediamızın inkişafı yolunda qarşıda duran vəzifələrin həm müəyyənləşməsində, həm də bu istiqamətdə addımlar atılmasında qəzetin özünəməxsus rolu var. Məsələn, tarixi ənənələri olan Azərbaycan jurnalistikasının adına ləkə sayılan "reket jurnalistika”ya qarşı mübarizədə "Azərbaycan” qəzetinin, onun baş redaktorunun böyük əməyi var. Bəxtiyar Sadıqovun Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü kimi bu istiqamətdə ortaya qoyduğu prinsipial mövqe hamıya məlumdur.
Bu gün ölkəmizdə söz və mətbuat azadlığı var. Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər mövcud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, medianın inkişafında da böyük üfüqlər açıldı. O, ölkə həyatının digər sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də uğurlu və düşünülmüş siyasəti sayəsində aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman mediamızın azad və müstəqil fəaliyyət göstərməsi istiqamətində ciddi əhəmiyyət daşıdı. Bu fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olundu. Həmçinin həmin sənəddə ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və s. kimi məsələlər də öz əksini tapdı.
Dahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında” qanunu təsdiqləməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, məlumat azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-in fəaliyyətinin genişləndirilməsi təmin edildi. 15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlərin qeyri-hökumət təşkilatı olan, özü-özünü tənzimləyən Mətbuat Şurası yaradıldı.
Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən medianın inkişafına yönəlmiş əhəmiyyətli addımlar atmaqla bu siyasətə sadiq olduğunu təsdiqlədi. Son on beş ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına nəzər salmaq yetərlidir ki, mətbuatın daha da gücləndirilməsi, inkişaf etdirilməsi, peşəkar fəaliyyət göstərməsi üçün görülən böyükmiqyaslı işlərin şahidi olaq. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin yolunu davam etdirərək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etdi və medianın inkişafına dəstəyi dövlət siyasəti səviyyəsinə qaldırdı. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu günə qədər azad medianın inkişafına öz önəmli töhfələrini verir. "Əməkdar jurnalist” adının bərpa olunması, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar, mətbuatın 130, 135 və nəhayət, 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması atılan addımlar sırasındandır. Bütün bular medianın inkişafına dövlət qayğısının ən bariz göstəricisi olmaqla yanaşı, söz və mediaya verilən dəyər, fikir və ifadə azadlığına göstərilən diqqətdir və "Azərbaycan” qəzeti müstəqilliyimizin qeyri-rəsmi atributu olaraq daim bu inkişafın təqdimatında başlıca tribuna kimi öz vəzifəsini uğurla yerinə yetirməkdədir.
Vüqar ZİFƏROĞLU,
BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru
Azərbaycan qəzeti
Azərbaycan qəzeti
Xəbərlər
BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
Pakistanlı alim BDU-da ustad dərsi keçib
Pakistanlı alim BDU-da ustad dərsi keçib
BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub