Tarixi ədalət bərpa olunur...

01/10/2020

Əsrlər boyu xalqımıza qarşı məkrli planlar quran, hər fürsətdə öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərən bədnam qonşularımız ötən əsrin 90-cı illərinin əvvəllərində havadarlarının ciddi dəstəyi ilə, eyni zamanda həmin dövrdə ölkəmizdə baş alan xaos, hakimiyyətsizlik şəraitindən istifadə edərək tarixi torpaqlarımız olan Qarabağı və ətraf rayonları bir-birinin ardınca işğal etdilər. Ölkəmizə qarşı elan edilməmiş müharibəyə başlayan Ermənistan Respublikasının silahlı birləşmələri müharibə dövrünün qanunlarına, beynəlxalq konvensiyalara zidd olaraq dinc əhalimizə də divan tutdular, tarixin yaddaşına Xocalı soyqırımı, Ağdaban faciəsi kimi qara səhifələr yazdılar. Bir milyondan çox soydaşımız əsrlər boyu ata-babalarının yaşadıqları yurdlardan didərgin düşdülər.

Hadisələrin sonrakı inkişafının təhlili sübut edir ki, əgər həmin dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi ermənilər və onların havadarları öz çirkin niyyətlərini həyata keçirməyə nail olmayacaqdılar. Tariximizə Milli Qurtuluş Günü kimi düşən 1993-cü ilin 15 iyununda Ulu Öndərimiz Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr kimi ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Ulu Öndərimizin rəhbərliyi ilə peşəkar ordunun formalaşdırılması, silahlı birləşmələrin vahid komandanlıq altında səfərbər olunması, Füzuli-Horadiz istiqamətində uğurlu döyüş əməliyyatlarının aparılması düşməni atəşkəs sazişini imzalamağa məcbur etdi. Atəşkəs dövründə peşəkar ordu quruculuğu, eyni zamanda diplomatik cəbhədə qazanılmış uğurlar və ölkəmizin iqtisadi cəhətdən inkişafı Azərbaycanın mövqelərini günbəgün möhkəmləndirdi.

2003-cü ildən ölkəmizə rəhbərlik edən - Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq möhkəm təməllərə malik olan dövlətçiliyimizi daha da inkişaf etdirdi, ölkəmiz dünya birliyinin hesablaşdığı qüdrətli dövlətə çevrildi. İqtisadi inkişaf tempinə görə dünyanın aparıcı ölkələrindən birinə çevrilən Azərbaycanda ordu quruculuğu daha geniş vüsət aldı, silahlı qüvvələrimiz maddi-texniki imkanlarına, döyüş qabiliyyətinə görə dünyanın ən peşəkar, qüdrətli orduları siyahısına daxil oldu. 2016-cı ilin aprel zəfəri, 2020-ci ilin Tovuz döyüşləri Azərbaycan ordusunun yenilməzliyini, bu gücün qarşısında heç bir düşmənin tab gətirə bilməyəcəyini bir daha sübut etdi.

Son dövrlər istər diplomatik cəbhədə, istərsə də döyüş xəttində bir-birinin ardınca acı məğlubiyyətlərə düçar olan Ermənistanın siyasi rəhbərliyi itirilmiş nüfuzunu guya geri qaytarmaq niyyətilə yenidən militarist bəyanatlar verməyə başlamış, yeni ərazilər uğrunda yeni müharibə tezisini irəli sürmüşdür. Siyasi səbatsızlıq və təcrübəsizlik şəraitində atdığı addımların fərqində olmayan Paşinyan hakimiyyəti, Ermənistan dövləti, eləcə də erməni xalqının uzun illər ərzində həyata keçirdiyi işğalçılıq siyasəti bu dəfə “gurultulu müvəffəqiyyətsizliyə” uğradı.

2020-ci ilin 27 sentyabrından başlayaraq cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçən Ermənistan silahlı qüvvələrinin çirkin niyyətlərinin qarşısı Ali Baş Komandanımızın müdrik qərarları, qətiyyətli tapşırıqları ilə dərhal alındı, əks hücum əməliyyatlarına başlayan şanlı ordumuz qısa müddət ərzində ildırım sürətli müharibə planı ilə uzun illərdir işğal altında olan tarixi torpaqlarımızın bir hissəsini işğaldan azad etdi, əzəli yurd yerlərimizdə Azərbaycan bayraqları yenidən və əbədi dalğalanmağa başladı.

Uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən nəticəsiz sülh danışıqları prosesinə cəlb edilən və hər zaman özünün ədalətli, məsuliyyətli mövqeyi ilə seçilən Azərbaycan artıq mövcud status-kvonu mümkünsüz hesab edir. Dövlətimiz hər addımda sülhü təhdid edən, beynəlxalq hüquq normalarını tapdalayan Ermənistan Respublikasının 30 ildən artıq davam edən işğalçılıq siyasətinə birdəfəlik son qoymaq niyyətində və əzmindədir. Bu gün ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyi, dünyaya örnək olan siyasi həmrəylimiz, ordumuzun döyüş qabiliyyəti və yüksək əhval-ruhiyyəsi onu deməyə əsas verir ki, apardığımız ədalətli müharibə ən yaxın müddətdə işğal altında olan torpaqlarımızın hər bir qarışının azad edilməsi ilə nəticələnəcəkdir.

Ölkəsində onsuz da olmayan dayaqlarını tamamilə itirən Paşinyan hakimiyyəti bu proseslərdə heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən dəstək ala bilmir, artıq dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi qəbul edir və işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxmalı olduğunu bildirir. Bunun tam əksinə olaraq, Azərbaycan dövləti dost və tərəfdaş ölkələrdən, dünya birliyindən ciddi siyasi dəstək alır, eyni zamanda ölkədə fəaliyyət göstərən və  müxtəlif ideoloji xətləri təmsil edən siyasi qüvvələr də iqtidarla birmənalı şəkildə həmrəylik nümayiş etdirirlər. 50 siyasi partiyanın birgə bəyanat verərək ölkə rəhbərinin, aparılan siyasi xəttin, şanlı ordumuzun yanında olduğunu ifadə etməsi bu gün dünyaya örnək olacaq siyasi həmrəyliyin və milli birliyin ən yaxşı nümunəsidir. Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, ölkədə fəaliyyət göstərən iki siyasi partiya bu cür həssas məqamda milli məsələyə etinasız yanaşaraq həmrəylik bəyanatına imza atmamış, bununla da 5-ci kolonun maraqlarına xidmət etdiklərini bir daha nümayiş etdirmişlər. Eyni zamanda ona da əminik ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sarsılmazdır, Azərbaycandakı sabitliyi, əmin-amanlığı pozmaq üçün müəyyən güc mərkəzlərinin bəzi ölkələrdə həyata keçirdikləri ssenariləri ölkəmizdə təkrarlamaq qeyri-mümkündür.

Son döyüşlər, bir-birinin ardınca əldə edilən qələbələr, strarteji yüksəkliklərin şanlı ordumuz tərəfindən tutulması, tarixi ərazilərimizdə üçrəngli bayrağımızın yenidən dalğalanması xalqımızda böyük ruh yüksəkliyi və döyüş əzmi yaratmışdır. Səfərbərlik xidmətinə üz tutan on minlərlə Azərbaycan vətəndaşı düşmənlə amansız mübarizəyə atılmağa və torpaqlarımız uğrunda son damla qanlarına qədər döyüşməyə hazır olduqlarını nümayiş etdirirlər.

Əminik ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin mahir sərkərdəliyi ilə aparılan döyüş əməliyyatları şanlı qələbə ilə nəticələnəcək, Ermənistan dövlətinin 30 ildən artıq bir müddətdə davam edən işğalçılıq siyasətinə son qoyulacaq və tarixi ədalət bərpa olunacaqdır.

Torpaqlarımız uğrunda canlarını fəda edən qəhrəman hərbçilərimizə, mülkü vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.

Yaşasın Azərbaycan dövləti, yaşasın şanlı ordumuz!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.

Hər birimiz əsgərik, hər birimiz döyüşçüyük!

Qələbə bizimlədir!

https://www.moderator.az/news/

Ələmdar Cabbarlı,

BDU-nun dosenti

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024