BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

30/09/2026

Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2027-ci il üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını (“THE World University Rankings 2027”)  açıqlayıb. Reytinqdə qiymətləndirilən ali təhsil müəssisələrinin sayı son illərdə artaraq 2025-ci ildə 2092, 2026-cı ildə 2191, 2027-ci ildə isə 2297-yə çatıb. Bu dinamika ali təhsil müəssisələrinin beynəlxalq reytinqə marağının və qlobal akademik rəqabətin artdığını göstərir.

Bakı Dövlət Universiteti (BDU) “THE World University Rankings 2027”də əvvəlki illə müqayisədə mövqeyini daha da yaxşılaşdıraraq  31 pillə irəliləyib və 1601-1800 diapazonunda qərarlaşıb.

BDU-nun 2027-ci il nəticələrində diqqətçəkən məqam yalnız ümumi reytinq mövqeyinin yaxşılaşması deyil, həm də reytinqin ayrı-ayrı göstəriciləri üzrə nəticələrin əhəmiyyətli dərəcədə yüksəlməsidir. Xüsusilə tədris və elmi-tədqiqat fəaliyyəti üzrə reputasiya göstəricilərində nəzərəçarpacaq artım müşahidə olunub. Tədris üzrə reputasiya göstəricisində BDU-nun balı 2.4-dən 5.1-ə yüksələrək 112.5 faiz artıb. Elmi-tədqiqat üzrə reputasiya göstəricisi isə 137.5 faiz artımla 1.6-dan 3.8-ə yüksəlib.

Universitetin elmi-tədqiqat fəaliyyəti ilə bağlı digər göstəricilərində də müsbət dinamika qeydə alınıb. Elmi-tədqiqat məhsuldarlığı 17.7-dən 26.2-yə yüksələrək 48 faiz, elmi-tədqiqat gücü 19.5-dən 27.5-ə yüksələrək 41 faiz artıb. Elmi-tədqiqat təsiri göstəricisi 22.6-dan 25.0-a, elmi-tədqiqat mükəmməlliyi 15.2-dən 16.5-ə, elmi-tədqiqat gəlirləri isə 30.2-dən 31.5-ə yüksəlib.

BDU-nun beynəlxalqlaşma və sənaye ilə əlaqələrini əks etdirən göstəricilər üzrə də artım müşahidə olunub. “Əcnəbi tələbələr” indikatorunda Universitetin balı 34.9-dan 39.8-ə yüksələrək 14 faiz, “sənaye gəlirləri” göstəricisində isə 35.5-dən 40.2-yə yüksələrək 13.2 faiz artıb.

“THE World University Rankings 2027” nəticələri BDU-nun həm tədris, həm elmi-tədqiqat, həm də beynəlmiləlləşmə və sənaye ilə əməkdaşlıq istiqamətlərində göstəricilərini yaxşılaşdırdığını nümayiş etdirir. Xüsusilə elmi-tədqiqat üzrə reputasiya və məhsuldarlıq, eləcə də tədris üzrə reputasiya göstəricilərindəki yüksək artım Universitetin beynəlxalq akademik mühitdə tanınmasının güclənməsi baxımından diqqətçəkən nəticələrdir.

“THE World University Rankings” dünyanın tədqiqat yönümlü ali təhsil müəssisələrinin fəaliyyətini müxtəlif istiqamətlər üzrə kompleks şəkildə qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemlərindən biridir. Reytinq universitetlərin fəaliyyətini yalnız akademik nəticələr əsasında deyil, həm də tədrisin keyfiyyəti, elmi-tədqiqat potensialı, beynəlmiləlləşmə və sənaye ilə əlaqələr kimi mühüm istiqamətləri əhatə edən çoxölçülü yanaşma əsasında qiymətləndirir. Bu çərçivədə universitetlərin fəaliyyəti tədris, elmi-tədqiqat mühiti, elmi-tədqiqat keyfiyyəti, beynəlxalq perspektiv və sənaye olmaqla beş əsas istiqamət üzrə təhlil olunur. Sözügedən istiqamətlər universitetlərin tədris və akademik mühitini, elmi-tədqiqat fəaliyyətinin miqyasını və reputasiyasını, tədqiqatların keyfiyyətini və elmi təsirini, beynəlxalq əməkdaşlıq və beynəlmiləlləşmə səviyyəsini, həmçinin sənaye ilə qarşılıqlı əlaqələri və elmi biliklərin praktiki tətbiqini əks etdirir.

 

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026