Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev BDU-da tələbələrlə görüşüb
Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev Bakı Dövlət Universitetində (BDU) tələbələrlə görüşüb.
Tədbiri giriş sözü ilə açan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə aparılan təhsil islahatları, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, TTKF-nin yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir. İndiyədək BDU-nun 194 tələbəsi Fondun yaratdığı imkanlardan yararlanıb.
Fondun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-nin fəaliyyət istiqaməti, hədəf və prioritetləri barədə danışıb, eləcə də 2021/2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat təqdim edib.
Araz Paşayev qeyd edib ki, Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, onlar üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən TTFK-nin Azərbaycanda mövcud olması tələbələr üçün yeni imkanlar yaradıb. Araz Paşayev qurumun fəaliyyəti haqqında görüş iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, artıq 2021-2022 tədris ilinin payız semestri üçün təhsil tələbə kreditləri ilə bağlı müraciətlərin nəticələri məlum olub, yaz semestri üzrə müraciətlər isə daxil olmaqdadır. O, TTFK-nin iş prinsiplərini təbliğ etmək məqsədilə ali məktəb tələbələri ilə silsilə görüşlər keçirildiyini bildirib.
Görüşdə təhsil tələbə kreditinə dair elektron sistemin işləmə mexanizmi canlı nümayiş etdirilib, mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.