Tələbə Elmi Birliyi “İslam Həmrəyliyi ili”nə həsr olunmuş ilk elmi konfransı keçirib
BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Birliyi və «Sosial və İqtisadi İslahatlara Dəstək» İctimai Birliyinin birgə təşkilatçılığı ilə «Azərbaycanda İslam Həmrəyliyi: İslam dəyərləri və Azərbaycan gəncliyi» mövzusunda tələbə, magistrant və doktorantların Respublika elmi-nəzəri konfransı keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mərasimdə konfransın materillar toplusu təqdim olunub. Tədbiri giriş sözü ilə açan «Sosial və İqtisadi İslahatlara Dəstək» İctimai Birliyinin sədr müavini Saday Vəliyev Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi 2017-ci ilin ikinci qrant müsabiqəsinə layihə şəklində təqdim edilib və qalib olub. İctimai birlik bu layihənin icrasını BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Birliyi ilə birgə həyata keçirib.
Konfransın təşkilat komitəsinin üzvü, BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Pərvin Eyvazov hesabat xarakterli çıxışında gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində reallaşdırılan belə layihələrin əhəmiyyətindən, bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyindən söz açıb. O bildirib ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetin elmi-mədəni həyatında aktiv olan tələbələrə daim diqqət və qayğı göstərir, öz istedadı, yaradıcı qabiliyyəti və təhsil göstəriciləri ilə fərqlənən gənclərin irəli getməsi üçün heç vaxt öz dəstəyini əsirgəmir. Konfransın təşkilat komitəsinin magistrant və doktorantlardan ibarət olması da gənclərin potensialına və gələcəyinə olan inamın bariz nümunəsidir.
Daha sonra BDU-nun “Türkoloji araşdırmalar” ETL-in əməkdaşı Ramil Bayramov, dissertant Gülnar Axundova, magistrant Həvva Əhmədova, tələbələrdən Aynur Mustafayeva, Aqil Bəkirli, Nərgiz Qarayeva, Aynurə Məmmədova və başqaları çıxış edərək ölkə rəhbəri cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan gənclərinə olan diqqət və qayğısından danışıblar. Eyni zamanda, BDU-da akademik Abel Məhərrəmovun gənclər üçün yaratdığı münbit şəraitdən, Azərbaycandakı multikultural həyat tərzindən, dövlətimizin yürütdüyü uğurlu din siyasətindən, müasir gənclərin islam dəyərlərinə olan münasibətindən, gənclərin elmi-intellektual səviyyəsinin daim inkişaf etdirilməsindən bəhs ediblər.
Sonda iştirakçılara konfransın materiallar toplusu təqdim olunub, xatirə şəkilləri çəkdirilib.