Tələbə Nəzarət Qrupunun üzvləri imtahan sessiyasından danışır

07/07/2021

Bakı Dövlət Universitetində (BDU) keçirilən 2020/2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası artıq öz işini yekunlaşdırıb. İmtahan prosesi şifahi qaydada onlayn formada keçirilib. İmtahanlara nəzarət rektor, prorektorlar, dekanlar, dekan müavinləri və Tələbə Nəzarət Qrupunun üzvləri tələfindən aparılıb.

BDU-da tələbələri onlayn tədris prosesində fəal iştiraka yönəltmək, imtahan sessiyasında təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi, məqsədilə fəaliyyət göstərən Tələbə Nəzarət  Qrupuna (TNQ)  Universitetin tələbə təşkilatlarının - Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilat (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC)  və BDU Könüllülər qrupunun nümayəndələri daxildir. BDU-da imtahan sesiyasının yekunu, tələbələrin imtahanlar haqqında təəssüratları, qiymətləndirmə prosesi və s. haqqında öz münasibətlərini, fikir və mülahizələrini bildirmək məqsədilə Tələbə Nəzarət Qrupunun üzvü olan tələbələrmizlə söhbət etdik. Qrup üzvləri qeyd ediblər ki, tələbələrin biliyinin qiymətləndirilməsi prosesində onların iştirakının təmin edilməsi, Universitet rəhbərliyi tərəfindən onlara göstərilən etimadın nəticəsidir.

Fizika fakültəsinin IV kurs tələbəsi Sevinc Qənbərova: “Yaranmış pandemiya şəraitindən asılı olaraq onlayn formada keçirilən 3-cü imtahan sessiyasıdır. Tələbə Nəzarət Qrupununn (TNQ) üzvü olaraq iştirak etdiyim imtahan sessiyası uğurla başa çatdı. Universitet rəhbərliyinin pandemiya şəraitini nəzərə alaraq qəbul etdiyi tələbəyönümlü qərarlar tələbələrə olan diqqətin göstəricisidir. Pandemiya şəraitində keçirilən distant təhsilin təkmilləşdirilməsi və kompleks tədbirlər tələbələrin ixtisas biliyini mənimsəməsinə şərait yaradıb. Müşahidələrimə əsaslanaraq imtahan sessiyasının obyektiv və şəffaf formada keçirildiyini əminliklə deyə bilərəm.”

Hüquq fakültəsinin IV kurs tələbəsi Firavan Əlizadə: “Bildiyimiz kimi, artıq üçüncü imtahan sessiyasıdır ki, distant formada təşkil olunur. Universitet rəhbərliyi tərəfindən qəbul edilən qərarlar, problemə verilən çevik reaksiyalar tələbələrin narahatlığını aradan qaldırır. Sessiya imtahanlarını TNQ-nun üzvü olaraq mən də müşahidə etmişəm. Rəhbərliyin və professor-müəllim heyətinin daim tələbələrə dəstəyi tələbələrdə ruh yüksəkliyi yaratdı və imtahanları uğurla yekunlaşmasına səbəb oldu.  Pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması, imtahanlarla bağlı edilən müvafiq güzəştlər tələbələrin imtahanları uğurla verməsi üçün zəmin yaratdı.”

Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Nərmin Heydərova: “Tələbə Nəzarət Qrupunun üzvü olaraq bu semesrtdə imtahanlarda iştirak etdim. İmtahan sessiyası zamanı heç bir çətinliyin olmaması üçün Universitet rəhbərliyi tərəfindən tələbəyönümlü qərarlar qəbul edilmişdi. Qəbul edilən tələbəyönümlü qərarlar tələbələrdə imtahan prosesində ruh yüksəkliyi yaratmışdır. Tələbə Nəzarət Qrupunun üzvü olaraqdan iştirak etdiyim imtahanların şəffaf kecdiyini əminliklə söyləyə bilərəm.”

Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbəsi Cəfər Gözəlov: “Artıq 2-ci tədris ilidir ki, pandemiya ilə əlaqədar olaraq universitetimizdə təhsil distant şəkildə davam edir. Tələbə Nəzarət Qrupu olaraq bu tədris ilində də fəaliyyətimizi davam etdirdik. İmtahan sessiyasından öncə universitetimizdə keçirilən Elmi Şuranın qərarı yenə tələbələrin xeyrinə oldu. Qoşulduğum imtahanlarda, tələbə və müəllim heyəti müvafiq olaraq tədris və dinləmə ilə rahatlıqla imtahan prosesini davam etdirdilər. İmtahanların gedişinə həm də dekanlar və kafedra müdirləri də nəzarət edir, imtahanların obyektiv keçirilməsinə, eləcə də tələbələrin biliyinin yoxlanılmasında iştirak etdilər. Tələbələrin sualları əhatəli cavablandırması, ümumi fənn haqqında bilikləri nəzərə almaqla imtahan nəticələri müəyyənləşdirildi.”

Fizika fakültəsinin IV kurs tələbəsi Aynurə Salmanlı: “Bildiyimiz kimi BDU imtahan sessiyasını uğurla yekunlaşdırdı. Universitet rəhbərliyi və professor-müəllim  heyəti daim tələbələri qayğı ilə yanaşır və onlara köməklik göstərirlər.  BDU Elmi Şurasının imtahan sessiyasının təşkili haqqında qərarının tələbələr tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı və yaradılmış şərait onlarda stimul yaratdı. İmtahanlarda Universitet rəhbərliyinin təşəbbüsü ilə yaradılmış Tələbə Nəzarət Qrupunun müşahidə etməsi üçün əlverişli şərait vardı. “Microsoft Teams” platforması üzərindən qeyd edilən cədvələ uyğun olaraq təyin edilmiş qrafik əsasında imtahanlarda müşahidə edirdik, gördüyümüz nəticə odur ki, imtahanlarda şəffaflıq maksimum dərəcədə qorundu.”

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi IV kurs tələbəsi Mirməhəmməd Hüseynov: “Tələbə nəzarət qrupunun üzvü olduğum müddətdə ən əsasda sonuncu imtahan sessiyasında mühşahidə etdiklərim həm də bir tələbə olaraq təcrübəmi artırdı, bu təcrübə əsasında həm imtahan sessiyasına kənardan baxış tədrisdə də keyfiyyət göstəricimizin yüksəlməsinə nail olmağa təkan verir.  Sessiya müddətində müxtəlif qruplarda imtahan prosesini izlədik.  Artıq həm tələbə, həm də universitetin müəllim kollektivi onlayn imtahan prosesinə uyğunlaşıb. İmtahanlarda nəzarət etdiyim qruplarda heç bir qayda pozuntusu olmadı, imtahanın şəffaf keçirilməsi üçün universitet rəhbərliyi tam şəkildə fəaliyyət planı təqdim etdi. Plan əsasında imtahan prosesində qəbul edilmiş qaydalara birmənalı olaraq əməl olundu. Tələbələrin verdiyi suallar, yaranmış problemlərin dərhal aradan qaldırılması üçün müvafiq sektor və şöbələr cəld reaksiya verirdi. İmtahan sessiyası bitdikdən dərhal sonra isə Tələbə Nəzarət Qrupunun üzvləri tələblərlə ümumi görüş keçirdi, onlarla ətraflı şəkildə müzakirələr apardı.”

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024