Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının direktoru BDU-da ustad dərsi keçib

07/10/2025

Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının direktoru Ayhan Tuğlu Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Mədəni irsin qorunmasında kitabxanaların rolu” mövzusunda ustad dərsi keçib.

Ayhan Tuğlu Türkiyədə kitabxanaların yaranma tarixi barədə məlumat verib, Səlcuqlar və Osmanlı dövründə fəaliyyət göstərən vəqf kitabxanaları haqqında danışıb. Türkiyədə bu sahənin Cümhuriyyət dövründə inkişaf etdiyini vurğulayıb. Natiq bildirib ki, kitabxanalar tarixən mədəni irsin mühafizəsi və təbliğində aparıcı rol oynayıb. Cəmiyyətin həyatında kitabxanaların rolu günbəgün artır. Kitabxanalar artıq yalnız kitab saxlayıcısı kimi deyil, sosial institut və mədəniyyət mərkəzləri funksiyasını da yerinə yetirirlər. Türk dünyasının aparıcı kitabxanaları arasında bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayan Ayhan Tuğlu indiyə qədər görülmüş işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Məruzədə Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının fəaliyyəti haqqında ətraflı məlumat verilib. Millət Kitabxanasının 2020-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradıldığı və Türkiyənin ən böyük kitabxanası olduğu, öz fondlarına və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında yer aldığı qeyd olunub. Kitabxananın fəaliyyət istiqamətləri, strukturu, sənəd dövriyyəsi, kitab fondu, komplektləşdirilmə mənbələri, oxucu sayı, burada həyata keçirilən müxtəlif tədbirlər, sərgilər, layihələr barədə dolğun məlumatlar təqdim olunub. Məruzədə həmçinin Millət Kitabxanasının türk mədəni irsinin qorunmasındakı xidmətləri vurğulanıb: “Kitabxanamız mədəni irsin qorunub saxlanılması, bu sahədəki qiymətli mənbələrə çıxışın təmin edilməsi, beynəlxalq mədəni diplomatiyaya töhfələrin verilməsi istiqamətlərində mühüm tədbirlər, layihələr həyata keçirir”.

Ustad dərsi tələbələr tərəfindən maraqla dinlənilib, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb. Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanası ilə fakültə arasında əlaqələrin inkişaf etdirilməsi, birgə elmi konfransların, ustad dərslərinin təşkili, fakültə tələbələrinin Millət Kitabxanasında təcrübə keçməsi imkanları barədə müzakirələr aparılıb.

 

 

 

Xəbərlər

Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının direktoru BDU-da ustad dərsi keçib

Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının direktoru BDU-da ustad dərsi keçib
07/10/2025

BDU-da pambıq genotiplərində fitohormonların roluna dair tədqiqatlar aparılır

BDU-da pambıq genotiplərində fitohormonların roluna dair tədqiqatlar aparılır
07/10/2025

BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub

BDU-da AMEA-nın 80 illik yubileyi qeyd olunub
07/10/2025