Türkiyəli dosent BDU-nun Filologiya fakültəsinin tələbələrinə onlayn mühazirə deyib

20/05/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin tələbələrinə Türkiyənin Fırat Universitetinin Müasir türk dilləri kafedrasının dosenti Süleyman Kaan Yalçının “Azərbaycan ədəbi dili tarixi” fənnindən “Türkcənin söz varlığı” mövzusunda onlayn mühazirəsi təşkil olunub. Onlayn mühazirədə tələbələrlə yanaşı, fakültənin professor-müəllim heyəti də iştirak edib.

S.K.Yalçın tələbələrə söz və onun funksiyaları, dilin lüğət tərkibi və lüğət fondu anlayışları haqqında məlumat verib, ədəbi dilin lüğət tərkibində qərarlaşmış sözlərin struktur-semantik xüsusiyyətlərindən danışıb. Türk dillərinin inkişaf tarixindən bəhs edən məruzəçi bu dillərin leksik quruluşunun özəlliklərindən, digər dillərlə əlaqələr nəticəsində qəbul edilmiş alınma sözlərin mənimsənilməsi məsələlərindən, bu sözlərin milliləşdirilməsi istiqamətində atılan addımların müsbət və mənfi tərəflərindən, həmçinin türk dillərindən başqa dillərə keçmiş sözlərin taleyindən söz açıb. Eyni zamanda çıxışda türk və Azərbaycan dillərinin leksik-semantik quruluşu ilə bağlı müqayisələr aparılıb, hər iki türkcədəki özləşmə (eyniləşmə) meyilləri haqqında bəzi məqamlara toxunulub, dilin lüğət tərkibinin yad dillərin təsirindən qorunması istiqamətində fikir və təkliflər səsləndirilib.

Fakültə dekanı Elçin Məmmədov S.K.Yalçına öz təşəkkürünü bildirib, hər iki universitet arasındakı əməkdaşlığın perspektivlərindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Sonda  məruzəçi tələbələrin suallarını cavablandırıb.

S.K.Yalçın Türkiyədə Azərbaycan dilinə həsr olunmuş “Azerbaycan Türkçesi Grameri” adlı ilk irihəcmli monoqrafiyanın müəllifidir. 2018-ci ilin noyabr ayında BDU-nun Filologiya fakültəsində həmin kitabın təqdimatı keçirilib. Həmçinin bir neçə dəfə elmi-ədəbi tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizin qonağı olan alim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. S.K.Yalçın görkəmli Azərbaycan yazıçısı C.Cabbarlının hekayələrini türk dilinə tərcümə etdiyinə görə 2012-ci ildə “Cəfər Cabbarlı mükafatı”na mükafata layiq görülüb.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025