Türkiyənin Kocaeli Universitetinin professoru BDU-da elmi seminar keçib

23/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Fizika və Mexanika-riyaziyyat fakültələrinin birgə elmi seminarı keçirilib. Onlayn formatda keçirilən elmi seminarda Türkiyənin Kocaeli Universitetinin professoru, BDU-nun Fizika fakültəsinin məzunu Elşən Vəliyev “Kvark-qlüon plazması faza keçidinə yaxın temperaturlarda hadron parametrlərinin tədqiqi” mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, güclü qarşılıqlı təsirin kvantxromodinamikası nəzəriyyəsinə görə, maddə müəyyən böhran temperaturunda və böyük sıxlıqlarda kvark və qlüonlara ayrılaraq, maddənin yeni halı kimi qəbul edilən kvark-qlüon plazmasına keçir. Nəzəriyyəyə görə, Böyük Partlayışdan təqribən bir neçə mikro saniyə sonra, temperatur trilyon dərəcə tərtibində olduqda, kainatdakı maddə kvark-qlüon plazması halında olub. Neytron ulduzu kimi təbii mühitlərdə də kvark-qlüon plazması mövcud ola bilər, belə ki, neytron ulduzlarının nüvəsində maddə yüksək enerjiyə malikdir. Laboratoriya şəraitində nuklonların yüksək enerjili ağır ionlarla toqquşmalarında da kvark-qlüon plazması yarana bilər. Bu toqquşmalarda yaranan temperatur təqribən iki trilyon dərəcə olur. Bu, Günəşin mərkəzindəki temperaturdan yüz min dəfə çoxdur. İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) və Amerikadakı Brookhaven Milli Laboratoriyasında aparılan eksperimentlərdə kvark-qlüon plazmasının varlığı sübut edilib.

Ağır ionların toqquşması nəticəsində yaranan kvark-qlüon plazması birbaşa müşahidə oluna bilmir və sürətlə soyuyaraq hadronlar adlanan zərrəciklər yaradır. Bu hadronlar bir-biri ilə qarşılıqlı təsirdə olaraq digər zərrəciklərə çevrilir. Bir sıra transformasiyalardan sonra yaranan bu zərrəciklər detektorlara yönəldilir. Ağır ionların toqquşmasına dair eksperimentlərin təhlili və təcrübi nəticələrin düzgün analizi üçün maddi mühitdəki hadron parametrlərinin tapılması mühüm əhəmiyyət kəsb edir.

Elşən Vəliyev bildirib ki, o, hadron parametrlərinin mühitin temperaturundan asılı olaraq necə dəyişdiyini nəzəri olaraq araşdırıb. Təhlillər göstərir ki, faza keçidinə yaxın temperaturlarda hadron parametrləri kəskin şəkildə dəyişir. Hadron parametrlərinin temperaturdan asılı olaraq dəyişməsi maddənin faza diaqramının, yəni, normal hadron halından kvark-qlüon plazmasına keçidin öyrənilməsində mühüm rol oynayır.

Sonda seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025