“Şuşanın istixana qazlarından azad yaşıl iqtisadi inkişaf perspektivləri”

13/05/2022

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti (MHX) Bakı Dövlət Universitetində (BDU) “Şuşa ili” çərçivəsində “Şuşanın istixana qazlarından azad yaşıl iqtisadi inkişaf perspektivləri” mövzusunda tədbir keçirib.

Tədbirin açılışında çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza ataraq, əzəli torpaqlarımızı işğaldan azad edib. Hazırda Qarabağda sürətli bərpa-quruculuq işləri aparılır. Bu prosesə dövlət qurumları ilə yanaşı, elm və təhsil müəssisələri də töhfə verir. Mais Süleymanov “Şuşa ili” çərçivəsində həyata keçirilən tədbirin böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva da tədbirin keçirilməsində əməkdaşlığa görə BDU rəhbərliyinə təşəkkür edib.

Xidmət rəisi iqlim dəyişmələri, onun nəticələri və bununla bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi, meşə sahələrinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması barədə iştirakçılara məlumat verib.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, “netto sıfır emissiya” və “yaşıl enerji” zonasının yaradılmasının ölkənin ekoloji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcəyini vurğulayıb.

Tədbirdə ölkəmizin COP 26 çərçivəsində iqlim dəyişikliyinin təsirinin azaldılması səylərini dəstəkləmək məqsədilə bir sıra beynəlxalq təşəbbüslərə qoşulduğu da diqqətə çatdırılıb.

Sonda Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, ekoloji təmiz, yaşıl iqtisadi inkişaf mərkəzi kimi dünyanın ən cəlbedici məkanı, elmi, mədəni mərkəzinə çevrilməsi üçün ardıcıl effektiv fəaliyyətin həyata keçirildiyi vurğulanıb, təqdimatlar nümayiş etdirilib.

Tədbir BDU-nun professor-müəllim heyəti və tələbələrin fəal iştirakı ilə sual-cavab sessiyası formatında davam edib.

Tədbirin sonunda Xidmətin rəhbərliyi tərəfindən xüsusi tərtib olunmuş hava sertifikatları və təşəkkürnamələr təqdim olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024