Şulan Şirəliyevin 75 illik yubileyi qeyd edilib

13/04/2010

Aprelin 9-da Şərqşünaslıq fakültəsində fakültənin İran filologiyası kafedrasının professoru Şulan Şirəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Fakültə əməkdaşlarının, çoxsaylı qonaqların, alimin yetirmələrinin də iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Şulan müəllimin şərəfli həyat yolundan, elmi və ictimai fəaliyyətindən, universitetin həyatında tutduğu roldan danışan rektor yubilyarı prinsipial, cəsarətli insan kimi xaraketrizə edib: «Şulan müəllimlə tanışlığımız Moskva Dövlət Universitetində oxuduğum illərə gedib çıxır. Mən MDU-da aspirantı olarkən Şulan müəllim tez-tez oraya elmi ezamiyyətə gəlirdi. Həmin vaxt görüşür, elmi söhbətlər edir, fikir mübadiləsi aparırdıq. Sonradan mən universitetin Tədris hissəsinin müdiri işləyəndə Şulan müəllim fakültə dekanı idi. Deyim ki, kifayət qədər işgüzar, ciddi bir dekan kimi yaddaşımda qalıb». Rektor qeyd edib ki, Şulan Şirəliyev 10-dək kitabın, yüzdən artıq elmi məqalənin müəllifi kimi elmin və təhsilin inkişafında, gənc nəslin yetişməsində böyük xidmətlər göstərib, bir çox mükafatlara, Fəxri fərmanlara, o cümlədən Təhsil Nazirliyinin «Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi» döş nişanına layiq görülüb.

Akademik Abel Məhərrəmov sonda bir məsələyə də toxunub: «Baxmayaraq ki, bu gün Şulan müəllimin 75 illik yubileyini qeyd edirik, amma ona bu yaşı vermək qeyri-mümkündür. Mən ona uzağı 60 yaş verərdim. Görünür, Şölə xanım Şulan müəllimə yaxşı baxıb». Rektor çıxışının sonunda yubilyarı bir daha təbrik edib, ona elmi axtarışlar yolunda nailiyyətlər, ailə səadəti, xoşbəxtlik arzulayıb və deyib: «Arzu edirəm ki, siz daha dörd on il bizlərin qarşısında yubiley hesabatı ilə çıxış edəsiniz». Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev rektor tərəfindən imzalanmış əmri oxuyub. Əmrə əsasən, tanınmış şərqşünas alimə yubileyi münasibətilə Fəxri fərman verilib və təşəkkür elan edilib.

Rektor yubilyara gül dəstəsi, müxtəlif hədiyyələr təqdim edib. Sonra İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov «Şulan Şirəliyevin həyat və yaradıcılığı» mövzusunda məruzə ilə çıxış edib.

Çıxışlardan və təbriklərdən sonra yekun nitqi söyləyən Şulan müəllim yubileyinin keçirilməsi ilə bağlı əmr imzalayan akademik Abel Məhərrəmova minnətdarlıq edib. Bildirib ki, hər rektor universitet tarixində müəyyən xidmətləri ilə qalıb. Amma bu bir həqiqətdir ki, universitet Abel müəllimin rəhbərliyi ilə çox böyük uğurlara imza atıb və bu gün qızıl dövrünü yaşamaqdadır.

Yubiley tədbiri alimin onu təbrikə gəlmiş qonaqlara, fakültə rəhbərliyinə, hər bir əməkdaşına təşəkkürü ilə başa çatıb.

Mətbuat xidməti

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024