UNİVİA layihəsi çərçivəsində görüş keçirilib
Bakı Dövlət Universitetinin Beynəlxalq Layihələr şöbəsinin müdiri Elmira İsmayılova UNİVİA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində keçirilən təlimlərdəiştirak edib. Təlimdə BDU-nun layihə çərçivəsində gördüyü işləri, hazırlanan sənədlər təqdimat şəklində tədbir iştirakçılarına nümayiş etdirilib. Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetinin nümayəndələrinin iştirakı ilə davam edən görüşdə universitetlərin beynəlxalq əlaqələrini, layihələrdə iştirak, əcnəbi tələbələrin tədris prosesi və s.məsələləri əhatə edən digər məsələlər də müzakirə olunub.
Qeyd edək ki, Bakı Dövlət Universiteti 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi TEMPUS UNİVİA layihəsinə qoşulub. Layihə çərçivəsində partnyor universitetlər Avropa təcrübəsinə və öz təhsil ənənələrinə əsaslanan optimal beynəlxalq əlaqələr mexanizmini yaratmaq, BƏŞ-in məqsəd və vəzifələrini müəyyənləşdirmək, beynəlxalq təhsil mühitini yaratmaq kimi məsələləri həyata keçirir. Layihənin əsas məqsədi fərqli modellərə malik universitetlərin kooperativ əməkdaşlığını gücləndirmək, davamlı informasiya və təcrübə mübadiləsini təmin etməklə beynəlxalq əlaqələr departamentinin fəaliyyətini inkişaf etdirmək və müəyyən standartlara yüksəltmək, Avropa universitetlərinin təcrübəsini yerli şəraitə uyğunlaşdıraraq işlək model və ya mexanizm yaratmaq, universitetlərin beynəlxalq əlaqələr ofislərinin səmərəli fəaliyyətini təmin edən amilləri (sosial, texnoloji, psixoloji və s.) müəyyən etmək, əldə edilən təcrübənin tətbiqinə nail olmaqdır.
Mətbuat və informasiya şöbəsi, 17 fevral 2016-cı il.