Ustad müəllim Nəsir İmanquliyevin doğum günü ilə bağlı dəyirmi masa
Bu gün Bakı Dövlət Universitetin (BDU) Jurnalistika fakültəsində ustad jurnalist, “Bakı” və “Baku” qəzetlərinin redaktoru, Bakı Dövlət Universitetinin professoru, görkəmli jurnalist, ictimai xadim Nəsir İmanquliyevin doğum gününə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev qonaqları və tələbələri salamlayaraq, fakültənin məzunu olmuş ahıl jurnalistlərlə görüş çərçivəsində sayca növbəti - ikinci tədbirin məhz dekabrın 22-nə təyin olunmasının təsadüfi olmadığını bildirib. Bu gün unudulmaz müəllim və peşəkar jurnalist Nəsir İmanquliyevin anadan olduğunu tələbələrin diqqətinə çatdıraraq, hər iki qonağın məhz ustadın tələbəsi olaraq öz xatirələrini bölüşəcəklərini söyləyib. V.Əliyev Nəsir İmanquliyevin həm peşəkar jurnalist, həm də unudulmaz müəllim olaraq Azərbaycan jurnalistikasının inkişafında oynadığı rolu yüksək qiymətləndirərək, həm jurnalistikanın tədrisi, həm də praktik jurnalistika fəaliyyəti ilə bağlı bir çox ilklərin məhz Nəsir müəllimin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Tədbirin moderatoru, fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev 2011-ci ildə Nəsir İmanquliyevin biblioqrafiyasının hazırkayarkən, ustad müəllimin çoxşaxəli və hərtərəfli peşə fəaliyyətinin şahidi olduğunu qeyd edərək Jurnalistika fakültəsində formalaşmış ənənələrdə ustad müəllimin də önəmli rolundan bəhs edib.
“Xalq qəzeti”nin baş redaktorunun müavini, Azərbaycanın əməkdar jurnalisti Tahir Aydınoğluya tələbəlik illərindən bəhs edərək, Nəsir İmanquliyevlə bağlı xatirələrini görüş iştirakçıları ilə bölüşüb. O, Nəsir müəllimi həm peşəkar jurnalist, həm yüksək bilikli pedaqoq, həm də tələbələrin dostu və hamisi kimi xarakterizə edib. Onun “Bakı” və “Baku” qəzetlərinin redaktoru olarkən fakültə tələbələrinin inkişafı üçün yaratdığı şəraiti ehtiramla yad edib.
“525-ci qəzet”in baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Rəşad Məcid də öz növbəsində Nəsir müəllimlə bağlı xoş xatirələrini diqqətə çatdırıb. Onun sözlərinə görə, SSRİ dövründə milli jurnalistika məktəbinin formalaşmasında, gənc jurnalistlərin yetişməsində özünəməxsuz rol oynamış N.İmanquliyev böyük əziyyətlər bahasına cəmiyyətin maariflənməsinə, mətbuatın inkişafına öz töhfələrini verib. O, fakültədə formalaşan demokratik ab-havanın tarixi kökləri olduğunu və bu işdə Nəsir İmanquliyevin də müstəsna xidmətləri olduğunu xüsusilə qeyd edib.
Onlayn tədbirdə Nəsir İmanquliyevin ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən, mətbuatın inkişafındakı xidmətlərindən söhbət açılıb, əməkdar jurnalistin irsinin müasir nəsil üçün örnək səciyyə daşıyan istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.