“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

16/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 16 aprel – Beynəlxalq Bioloqlar Gününə həsr olunmuş “Uzunömürlülük: bioloji və texnoloji determinantlar” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin II kurs tələbəsi Nurcahan Əliyeva məruzə ilə çıxış edib.

Seminarın açılışında çıxış edən Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova mövzunun biotibb elmində strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür elmi tədbirlər tələbələrdə tədqiqat yönümlü düşüncə tərzinin formalaşmasına mühüm töhfə verir. Dekan qocalmanın bioloji mexanizmlərinin öyrənilməsinin həm fundamental biologiya, həm də regenerativ tibb və biotexnologiya sahələri üçün prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Seminarda qeyd olunub ki, qocalma prosesi sadə degenerativ aşınma deyil, sistem səviyyəsində dinamik kinetik prosesdir. Qocalma prosesi genetik və epigenetik mexanizmlərlə tənzimlənən mürəkkəb bioloji hadisədir. Bu sahədə müasir texnoloji yanaşmalar, xüsusilə 3D bioprintinq texnologiyasının süni toxuma və orqanların yaradılmasında potensial imkanları diqqətə çatdırılıb.

Seminarda bu prosesdə nüvə DNT-sinin struktur bütövlüyü, telomerlərin qısalması, DNT metilləşməsi və histon modifikasiyalarının gen ekspressiyasına təsiri geniş şəkildə izah olunub. Eyni zamanda, proteostazın pozulması və kök hüceyrə ehtiyatının azalmasının regenerativ potensiala təsiri vurğulanıb.

Sonda mövzu ətrafında interaktiv müzakirə aparılıb, məruzəçi iştirakçıların suallarını cavablandırıb. Seminar uzunömürlülük probleminin multidissiplinar yanaşma çərçivəsində həm nəzəri, həm də tətbiqi aspektlərinin müzakirəsi ilə yekunlaşıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026