XİN sözçüsü Hikmət Hacıyev tələbə-jurnalistlərə mühazirə oxuyub

05/02/2015

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qonağı olub.
Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin qısa təqdimatından məlum olub ki, Hikmət Hacıyev BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistr pillərini bitirib. Eyni zamanda o, NATO Müdafiə Akademiyasının və Belçikanın ULB universitetinin və Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə C.Marşal Mərkəzinin məzunudur. 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışır. Müxtəlif illərdə o, Azərbaycanın NATO nümayəndəliyində, Belçika, Küveyt və Misirdəki səfirliklərində çalışıb.
Tələbələrlə ünsiyyətdə olmaqdan məmnunluğunu və bu baxımdan görüşə həvəslə qatıldığını bildirən Hikmət Hacıyev Azərbayan və Qərb jurnalistikasından, ənənəvi və yeni medianın üstünlükləri və fərqliliklərindən danışaraq, əsas ağırlığı diplomatiya və jurnalistikanın üzərinə yönəldib. Diplomatiya və jurnalistikadan söz açan mətbuat xidməti rəhbəri qeyd edib ki, bunların hər ikisinin əsas məqsədi informasiyadır. Bəzən isə sadəcə informasiyaya malik olmaq yetərli deyil, həmin informasiyanı təhlil etmək bacarığına malik analitiklər lazımdır.
Jurnalistlərin daha sərbəst olmasına diqqət çəkən XİN sözçüsü bildirib ki, onlar aldığı informasiyanı emal edir, diplomat isə özündə saxlayır. Diplomatların jurnalistlərdən öyrəndiyini deyən Hikmət Hacıyevin sözlərinə görə, diplomatik korpus işçilərinin işi informasiya almaq, məlumat toplamaqdır.
Hikmət Hacıyev rəhbərlik etdiyi qurumun fəaliyyət və iş prinsiplərindən, sosial şəbəkələrdəki fəaliyyətindən danışıb. Görüş müddətində telefon vasitəsi ilə yerli və xarici  jurnalistlərin suallarını cavablandırması, peşəkar və diplomatik cavabları da diqqətdən yayınmayıb.
Tələbə-jurnalistlərin çoxsaylı suallarını cavablandıran Hikmət Hacıyev «Siz özünüzü auditoriyada, yoxsa mətbuat konfransında hiss etdiniz» sualını bəyənib.
Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 05 fevral 2015-ci il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024