Xocalı soyqırımından 31 il ötür

26/02/2023

Azərbaycan xalqına, insanlığa və bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımından 31 il ötür.
Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı səhifəsidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Xain hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı qətliamı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır.
Bu istiqamətdə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.
Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.
“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina və s. ölkələrin parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın onlarla ştatının qanunverici orqanı tərəfindən də tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Həmin il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən Azərbaycana qaytarılıb. Artıq Qarabağda bərpa və quruculuq dövrü başlayıb.
Artıq üçüncü ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi, “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb
20/12/2024