XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib
İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının komanda seçmə imtahanı keçirilib. IV Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında keçirilən imtahanda 25 şagird iştirak edib. Qeyd edək ki, BDU-nun mütəxəssisləri tərəfindən olimpiada qalibləri üçün XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri təşkil olunub. Seçmə imtahandakı suallar bu dərslərdə tədris olunan mövzular əsasında tərtib edilib.
Ənənəvi olaraq hər il təşkil olunan Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası artıq mötəbər elm olimpiadaları arasına daxildir. Nəzəriyyə, məlumatların analizi, teleskoplardan istifadə etmə və s. kimi raundlardan ibarət olan olimpiadanın qalibləri medal və fəxri adlarla təltif olunurlar. Qeyd edək ki, Azərbaycan məktəbliləri 3 ildir ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak edirlər. Şagirdlərimiz 3 dəfə fəxri ada layiq görülüblər. Bu il 17-27 avqust tarixlərində Braziliyada keçiriləcək olimpiadada 60-a yaxın ölkədən 250-dən çox məktəblinin iştirakı gözlənilir. Ölkəmizi təmsil edən komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyilə baş tutacaq.
Ölkəmizin XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğurlu iştirakı üçün komanda seçmə imtahanında uğur qazanmış şagirdlərə olimpiadaya hazırlıq dərslərinin təşkil olunması davam edəcək. Şagirdlərimiz nəzəri dərslərlə yanaşı, teleskopdan istifadə bacarıqlarının inkişaf etdirilməsi və gecə göyünün öyrənilməsini nəzərdə tutan dərslərə də cəlb olunacaqlar. Qeyd edək ki, XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.