“Yaşıl düşüncə”dən “Yaşıl inkişaf”a doğru

02/04/2024

Tərəqqi və inkişaf axtarışımızda biz çox vaxt planetimizin ekosistemlərinin incə tarazlığını gözdən qaçırırıq. Fəaliyyətimizin nəticələri planetimizdə təbii sərvətlərin tükənməsi, biomüxtəlifliyin itirilməsi, çirklənmə səviyyəsinin yüksəlməsindən başlayaraq iqlim dəyişikliyinə qədər ətraf mühitin qorxunc deqradasiyası şəklində açıq formada özünü büruzə verir. Bu misli görünməmiş bioloji və ekoloji problemlər təkcə indiki həyat tərzimizi təhdid etmir, həm də Yeri və onun gələcək sakinlərinin sağlamlığını təhlükə altına qoyur.

Ətraf mühitin vəziyyətinin optimallaşdırılması  naminə öncə planetimizin üzləşdiyi ən böyük problemlərə nəzər salaq.

İqlim dəyişikliyi. Qlobal istiləşmə və iqlim dəyişikliyi dünyamızın üzləşdiyi əsas mühüm təhlükələrdən biridir. İstixana qazı emissiyalarının artması, qalıq yanacaqların yandırılması və meşələrin qırılması bu problemləri yaradan başlıca  amillər sırasındadır. Temperaturun artması, buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi kimi hadisələr hər kəsin diqqətini cəlb edir. Bunun nəticəsi kimi qasırğalar, quraqlıqlar və daşqınlar kimi ekstremal hava hadisələri daha tez-tez baş verir. Bu hadisələr qida və su çatışmazlığına, quraqlıq və ekstremal hava hadisələri olan regionlarda mənimsəmə münaqişələrinin artmasına şərait yaradır. İqlim dəyişikliyi insan sağlamlığına təsir edərək, qan damar, tənəffüs, onkoloji xəstəliklərin, anadangəlmə patologiyaların artmasına və həşəratların daşıdığı xəstəliklərin yayılmasına səbəb olur. Bundan əlavə, temperaturun yüksəlməsi və yaşayış yerlərinin dəyişməsi bir çox bitki və heyvan növlərini təhdid altında saxlayır. Bu, biomüxtəlifliyin itirilməsinə və  ekosistemlərin tarazlığının pozulmasına  səbəb olur.

İqlim dəyişikliyi ilə mübarizə üçün ən effektiv yollardan biri qalıq yanacaqlardan günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələrinə keçiddir. Bu, istixana qazı emissiyalarını azaltmağa və daha dayanıqlı enerji sistemi yaratmağa kömək edir. Meşələrin, bataqlıq ərazilərin və digər ekosistemlərin mühafizəsi və bərpası atmosferdən karbon qazının udulmasına və biomüxtəlifliyin qorunmasına səbəb olur. Davamlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi  əkinçilikdən emissiyaları azaltmağa və qida təhlükəsizliyi üçün vacib olan torpağın keyfiyyətinin normallaşdırılmasına  töhfə verir. Uyğunlaşma strategiyalarının işlənib hazırlanması və həyata keçirilməsi icmalara davamlı infrastrukturun qurulması,  ekstremal hava hadisələri üçün erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, iqlim dəyişikliyinin təsirlərini uğurlu idarə etmək  imkanı yaradır.

Biomüxtəlifliyin azalması planetimizin üzləşdiyi ən kritik problemlərdən biridir. Meşələrin qırılması, təbii ərazilərin məhv edilməsi və insan fəaliyyətinin nəticələri kimi  digər təsirlər  bitki və heyvan növlərinin sayının həyəcanverici sürətdə azalmasına səbəb olur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) 2023-cü ilin statistik məlumatlarına əsaslanaraq, 150 mindən çox növ qlobal “Qırmızı siyahı”ya daxil edilib. Qlobal səviyyədə 993 növ ümumiyyətlə yoxa çıxıb, 9 mindən çox növ isə təəssüf ki, məhv olma təhlükəsi ilə üz-üzədir. 36 min növdə isə azalma tendensiyası müşahidə olunur. Regional və ya ölkə səviyyəsində “Qırmızı siyahı”lara düşən növləri topladıqda bu say dəfələrlə yüksəkdir. “Qırmızı Kitab”ın hər üç nəşrində verilən təhlilə görə, ümumilikdə Azərbaycanda  nadir növlərin sayı 1989-cu ildə 248, 2013-cü ildə 523, 2023-cü ildə 701 növ olub. 58 növ “Çəhrayı siyahı”ya daxil edilib. BTMİ-nin statistik məlumatına görə, bu cür vəziyyətin yaranmasında əsas səbəblər kənd təsərrüfatı fəaliyyəti, bioloji resurslardan səmərəsiz istifadə, yerlərdə infrastrukturun inkişafı, yanğın və su idarəetməsi kimi səbəblərdən təbii sistemlərin dəyişilməsidir. Azərbaycan dövləti təbiət ərazilərinin mühafizəsində müstəsna ekoloji siyasət yürüdür. Bu, regional təbii tarazlığın  mühafizəsində qlobal əhəmiyyət  daşıyır. 2003-cü ilə qədər 1 milli parkı belə olmayan Respublikanın hazırda 10 milli parkı var. Bundan əlavə, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı xüsusi ekosistemlərin və növlərin qorunmasında əhəmiyyətli rol oynayır. Yaxın illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin və kiçik rezervatların sayının artırılması qaçılmaz olacaq.

Planetimizdə ən çox nadir növlərin olduğu əsas təbiət əraziləri meşələrdir (83210 növ). Təbii fəlakətlər, xüsusilə insan fəaliyyətinin nəticəsində baş verən meşə yanğınları bütün ekosistemin pozulmasına səbəb olur. Həmin meşələrin yenidən bərpası uzun illər tələb edir. Yanğından sonra meşənin biokütlə olaraq azalması davamlı ekosistem zəncirinə təsiri ilə bərabər, karbon çirklənməsini, eləcə də istiləşməni artırır. Azərbaycanda uzunmüddətli şiddətli yanğınlar baş verməsə də, son illər statistikada artım müşahidə edilir. Fövqəladə Hallar Nazirliyinin statistik məlumatlarına əsasən, 2012-2022-ci illərdə ümumilikdə yanğın çağırışlarından (hadisələri) 102 622-si bitki resurslarını (meşə, kol, otlaq, kənd təsərrüfatı və s.) əhatə edir. Bu hadisələr nəticəsində son 10 ildə 262 696 hektar ərazidə bitki resursu yanıb. Bitki əsaslı yanğın hadisələrinə detallı nəzər salsaq, yanğınların 261-i meşələrdə (2924 ha), 91980-i kol-kosda (171009 ha), 554-ü taxıl (4915 ha), 9827-si isə biçilmiş taxıl sahələrində (83848 ha) baş verib. Maraqlıdır ki, hər il ümumi yanğın çağırışlarının ortalama 60%-i bitki resurslarına aiddir. “Azərkosmos”un monitorinq məlumatına görə, təkcə 2022-ci ilin avqust ayında ölkə üzrə 19 yanğın hadisəsi baş verib, 5311 hektar yanan ərazinin 32 faizini meşə sahələri təşkil edib.

İqlim Dəyişikliyi üzrə Dövlətlərarası Panelin (IPCC) məlumatına görə, 2019-cu ildə qlobal CO2 emissiyaları rekord həddə - 36,4 milyard ton/m2-ə çatıb. Bu emissiyalar əsasən enerji istehsalı üçün yanacaqların yandırılması, meşələrin qırılması və torpaqdan istifadənin dəyişməsi nəticəsində artır. Bu da temperaturun yüksəlməsi, buz qatının əriməsi və dəniz səviyyəsinin qalxması kimi problemləri ortaya çıxarır. İqlim dəyişikliyi həmçinin qasırğa, quraqlıq və daşqınlar şəklində ekosistemlərə dağıdıcı təsir göstərən daha intensiv təbiət hadisələrinə səbəb olur. Meşələrin torpağın eroziyadan qorunaraq yüksək keyfiyyətdə saxlanılması, susaxlama, daşqınların, sürüşmələrin, qar uçqunlarının qarşısının alınmasında müstəsna rolu var. Bununla bərabər, meşə ekosistemində mikroorqanizmlərdən tutmuş çoxsaylı fauna və flora növləri yaşayır ki, meşələrin azalması birbaşa onların məhvinə zəmin yaradır. Meşələr, bitkilər, yosunlar, mamırlar, otlaqlar, torpaq və su kimi təbii ehtiyatlar karbonun tutulması və saxlanmasında mühüm rol oynayır. Meşələr fotosintez yolu ilə atmosferdən karbon qazını udur. Həmçinin onu biokütlədə və torpaqda saxlayaraq karbon udma funksiyasını yerinə yetirir. Eynilə bataqlıqlar, çəmənliklər və okeanlar kimi digər təbii ekosistemlər də karbonun saxlanmasına əhəmiyyətli dərəcədə töhfə verir.

İsveç, Finlandiya, Norveç, Kanada, Avstraliya, Sinqapur və başqa ölkələr karbon emissiyaları üzrə  vergilər və ya ödənişlər tətbiq edir. Vergi adətən kömür, neft və təbii qaz kimi qalıq yanacaqları istehsal və ya idxal edən müəssisələrdən tutulur. Bu vergi yanacağa düşən karbon qazının və ya onun ekvivalentinin (CO2) miqdarına əsasən hesablanır. Karbon vergisi onun hər tonu üçün dövlətlərin iqtisadiyyatına görə dəyişir. Məsələn, Avropa İttifaqının  Emissiya Ticarət Sistemində CO2 ekvivalentinin hər tonuna bu məbləğ 20-50 avro arasındadır, Böyük Britaniyada 21, İsveçdə 110, Norveçdə 58 avro təşkil edir. Azərbaycanda da sənaye obyektləri üçün bu emissiya (karbon, metan) vergi sistemini qanunvericiliklə tənzimləmək və tətbiq etmək emissiyaların azaldılmasında müsbət rol oynaya bilər. Belə ki, karbon vergilərindən əldə edilən gəlirin bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, həmçinin yaşıl enerji istehsalçılarına və istehlakçılarına güzəştli vergilər tətbiq edilməsi məqsədilə xərclənməsi yaşıl enerjiyə keçidi sürətləndirəcək və ətraf mühitin qorunmasına xüsusi töhfə verəcək.

 

Ekosistemlərdə karbon ehtiyatını artırmaq üçün meşələrin salınması, bərpası və torpaqda karbonun tutulması kimi təbii iqlim həlləri də həyata keçirilməlidir. Təbii ehtiyatların tərkibində karbonun ekvivalenti olan  qiymət mexanizmi tətbiq edilərsə, həm təbii ehtiyatlara təzyiq azalacaq, həm də emissiya buraxan sənaye və ya enerji şirkətləri kompensasiya olaraq eyni karbon ekvivalenti qədər meşələri bərpa edəcək. Təbii sərvətlərimizi dəyərləndirmək və qorumaqla biz daha davamlı gələcəyə yol aça bilərik.

Karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq və gələcək nəsillər üçün davamlı gələcəyi təmin etmək üçün beynəlxalq əməkdaşlıq və kollektiv səylər vacibdir. Əsas strategiyalardan biri qalıq yanacaqlardan daha az emissiya istehsal edən günəş, külək və su enerjisi kimi bərpa olunan enerji mənbələrinə keçiddir. Bu kontekstdə 2030-2050-ci illər üzrə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Qlobal Həmişəyaşıllıq Alyansı (GEGA), Qlobal Ətraf Mühit Fondu (GEF), Aqromeşə Tədqiqatları üzrə Beynəlxalq Şura (ICRAF), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və başqa təşkilatlar tərəfindən “Bir milyard ağac əkilməsi” (“Billion Tree Campaign”), “Böyük yaşıl divar təşəbbüsü” (“Great Green Wall Initiative”)”, “Trilyon ağac təşəbbüsü” (“Trillion Trees Initiative”), “UN REDD+ Proqramı”, “Bonn çağırışı” (“Bonn Challenge”), “İcma əsaslı təbii resursların idarə edilməsi” (“Community-Based Natural Resource Management”), “Afrika meşə landşaftının bərpası təşəbbüsü” (Africa Forest Landscape Restoration Initiative”), “Silva Karbon Proqramı” (“Silva Carbon Program”), “BMT-nin Ekosistemin Bərpası Onilliyi (“UN Decade on Ecosystem Restoration”) kimi bir çox beynəlxalq və regional təbii resurslar, xüsusilə meşələrin bərpa edilməsi üzrə layihələr həyata keçirilir. Azərbaycanda son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən böyük meşəsalma və yaşıllaşdırma proqramları həyata keçirilir ki, gələcək illərdə bunun müsbət təsirləri və iqtisadi faydası müşahidə ediləcək.

Torpağın deqradasiyası, o cümlədən eroziya, qida maddələrinin tükənməsi və çirklənməsi qlobal ərzaq təhlükəsizliyini, ekosistemin sabitliyini təhdid edən, sürətlə artan narahatlıqdır. Qeyri-davamlı kənd təsərrüfatı təcrübələri, kimyəvi maddələrin mənfi təsiri əkin sahələrinin itirilməsinə və torpağın münbitliyinin azalmasına səbəb olan əsas amillərdir. Azərbaycanın 2024-cü ildə dərc olunan Milli Ekosistem Qiymətləndirilməsi sənədinə görə,  ölkə torpaqlarının təxminən 42 faizi eroziya, 7 faizi isə şoranlaşmanın mənfi təsirinə məruz qalıb və kənd təsərrüfatı üçün yararsızdır. Sənəddə qeyd edilir ki, 14 min hektar ərazi neftlə çirklənib. Aqromeşəçilik, əkin dövriyyəsi və üzvi əkinçilik kimi davamlı kənd təsərrüfatı üzrə layihələrin işlənilməsi torpağın deqradasiyasının qarşısını almağa, münbitliyini artırmağa  və zərərli kimyəvi maddələrin istifadəsini azaltmağa kömək edə bilər. Bundan əlavə, meşələrin bərpa edilmə  səyləri və torpaqdan istifadənin planlaşdırılması qiymətli torpaq ehtiyatlarımızı qorumaq üçün çox vacibdir.

Su resursları. Dəniz və okeanlarda suyun səviyyəsi son 100 il ərzində ortalama olaraq 20 sm artıb. Bu artımın böyük hissəsi son 25 ildə baş verib. Temperaturun   artması nəticəsində Arktikadaki buzlaqlar son 40 ildə ortalama olaraq 12% azalıb. Bu, dəniz səviyyələrinin yüksəlməsinə səbəb olur. Himalay, And, Alp və digər böyük dağ sistemlərinin buzlaqları ciddi sürətlə enir ki, bu, yaxın gələcəkdə dəniz səviyyələrinin yüksəlməsini daha da sürətləndirməyi proqnozlayır. Bunun əsas  səbəbləri  sənaye tullantıları, avtomobillərin işlənmiş qazları (karbon və s.) və digər təsirlər nəticəsində yaranan su və hava çirklənməsidir.  Dünyadakı su mənbələrinin 40%-dən çoxu ciddi dərəcədə çirklənib. Hər il 8 milyon tondan atıq plastik dənizlərə daxil olur. Bu, dəniz həyatını ciddi dərəcədə təhdid edir. Dünya üzrə çirklənmiş su səthindəki plastik materialların həcmi 5,25 trilyon plastik parçadır.  Plastik tullantılar endemik səviyyəyə çatıb və bioloji parçalanmayan material olduğundan onların böyük hissəsi dənizə və çimərliklərə yol tapır. Bu, təkcə çirkin görüntü yaratmaqla kifayətlənmir, dəniz həyatı üçün böyük problemlər yaradır. Araşdırmalar göstərir ki, 267-dən çox növ plastik çirklənməyə  məruz qalıb.

Bu qlobal problem çərçivəsində Azərbaycanda  su resurslarının   azalması və çirklənməsi  əsas  prioritet problem  olaraq qalmaqda davam edir. Son onillikdə Xəzər dənizinin səviyyəsi təxminən 1 m enib. Dənizə axan  çayların su səviyyəsindən asılı olaraq, Xəzərin su səviyyəsinin dəyişməsi gözləniləndir. Xəzərə tökülən çayların davamlı su təminatı üçün region respublikaları ilə birgə suyun səmərəli istifadəsi üzrə ortaq proqramların həyata keçirilməsi vacibdir. Digər tərəfdən, Xəzəryanı ölkələrin neft, kimya, digər sənaye müəssisələrindən kənd təsərrüfatı və məişət tullantıları dənizə axıdılır. Bu, Xəzərin ekoloji və iqtisadi problemlərlə üzləşməsi ilə nəticələnməkdədir. Bunların həlli üçün Xəzər dənizi ölkələri arasında birgə əməkdaşlıq edilməli və tədbirlər həyata keçirilməlidir. Çirklənmənin azaldılması üçün su təmizləmə prosesləri genişləndirilməli, neft və kimya sənayesi tullantılarının idarə olunması üçün daha sərt tədbirlər qəbul edilməlidir.

Dünyada ekoloji istiqamətdə, xüsusilə iqlim dəyişikliyinin qarşısını almaq üçün çoxsaylı tədbirlər həyata keçirilir. Azərbaycan höküməti ekoloji istiqamətli bütün təşəbbüslərə dəstək verir və ölkədaxili ekoloji siyasətə tətbiq edir.  Azərbaycan höküməti 2024-cü ildən dünyada metan emissiyalarını azaltmağa yönəlmiş  “Qlobal Metan Vədi” təşəbbüsünə  qoşulub və konkret tədbirlər görmək üçün öhdəlik götürüb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan  uğurlu ekoloji  siyasət nəticəsində ölkəmiz 2024-cü ildə dünyanın ən mötəbər ekoloji istiqamətli tədbiri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər konfransının 29-ci sessiyasına (COP29) ev sahibliyi edəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər konfransı (COP) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməkdaşlıq və danışıqlar üçün mühüm platforma rolunu oynayan ali qərar qəbuledici orqanıdır. COP ölkələrin iqlim dəyişikliyi ilə mübarizəyə və davamlı inkişafın təşviqinə yönəlmiş sazişlər üzrə əməkdaşlıq etmələrini təmin edir. Bu çərçivədə ölkələr qlobal miqyasda karbon emissiyalarının azaldılması üçün əməkdaşlıq edir və Net Zero Koalisiyası kimi təşəbbüslərlə bir araya gəlirlər.

2024-cü ildə keçirilməsi planlaşdırılan COP29 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin mühüm bir mərhələsi olacaq. Bu konfransda ölkələrin Paris Sazişinə uyğun olaraq öhdəliklərini gücləndirəcəkləri, daha iddialı karbon emissiyası azaltma hədəfləri qoyacaqları gözlənilir. Əlavə olaraq, COP29 maliyyə təminatı və texniki yardım vasitəsilə ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə daha effektiv olmağa kömək edir. Bununla yanaşı, COP iqtisadiyyatın yaşıl və davamlı inkişafına keçid prosesini də dəstəkləyir və bu, iqtisadi artımı iqlim dəyişikliyi ilə mübarizəyə birləşdirən "iqlim dəyişikliyi-ətraf mühit-əhəmiyyətli iqtisadi tərəfdaşlığ"ın əhəmiyyətini vurğulayır.

Azərbaycan UNFCCC-nin iştirakçısı kimi qlobal ekoloji təşəbbüslərdə həlledici rol oynayır. Ölkə Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün ciddi addımlar atıb. Azərbaycan karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı inkişafın təşviqi üçün çətinlikləri öz üzərinə götürür. Bu cür əməkdaşlıq və sazişlər iqlim dəyişikliyi ilə mübarizədə və yaşıl iqtisadiyyatın inkişafında dünya səviyyəsində vacib addımlardır. Azərbaycan kimi ölkələr də COP prosesinə aktiv şəkildə qatılır və ölkə  enerji effektivliyi, alternativ enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun təkmilləşdirilməsi sahələrində beynəlxalq əməkdaşlıq və təcrübələrə  önəm verir.

Azərbaycanın ekoloji siyasəti və həyata keçirdiyi layihələr də diqqət çəkir. Ölkə təbii sərvətlərinin, xüsusilə meşələrin, su hövzələrinin və heyvanlar aləminin mühafizəsi və bərpası üçün ciddi tədbirlər həyata keçirir. Bu tədbirlər arasında meşələrin qırılmasının qarşısının alınması, külək və günəş enerjisinin inkişafı və ətraf mühit dəyişikliklərinin təsirlərinin azaldılması da var. Ölkə əkinçilik və aqromeşəçilik sahəsində davamlı kənd təsərrüfatı proqramları ilə məhsuldarlığı artıraraq, yerli icmalar üçün yeni gəlir mənbələri yaradır. Bununla bərabər, tullantıların effektiv idarə edilməsi və bərpası, ekoturizmin təşviqini də özündə əks etdirir. Bu cür addımlar Azərbaycanın qlobal iqlim dəyişikliyi və ekoloji mübarizədə oynadığı rolu göstərir və ölkəni sürətlə dayanıqlı bir iqtisadiyyata doğru aparmağa kömək edir.

Qlobal ekoloji problemlərin həlli üçün “yaşıl iqtisadiyyat” konsepsiyasına keçidə təcili ehtiyac olduğunu dərk edirik. “Yaşıl iqtisadiyyat” davamlı inkişafı təşviq edərkən ekoloji riskləri və çatışmazlıqları azaltmağı hədəfləyən iqtisadi sistemdir. O, resurslardan səmərəli istifadənin, tullantıların və çirklənmənin minimuma endirilməsinin və bərpa olunan enerji mənbələrinə sərmayə qoyulmasının vacibliyini vurğulayır. “Yaşıl iqtisadiyyat”ın əsas komponentlərindən biri günəş, külək, hidroelektrik, geotermal kimi bərpa olunan enerji mənbələrinin təşviqidir.

Yer kürəsinin sabitliyini, resursların müxtəlifliyini qorumaq üçün fərdi və kollektiv öhdəlik götürmək vaxtıdır. “Yaşıl dünya naminə həmrəylik ili” ekoloji davamlılığı, bərpa olunan enerji mənbələrinin inkişafını, biomüxtəlifliyin qaynar nöqtələrinin mühafizəsi və təbii ehtiyatların səmərəli istifadə edilməsini təşviq edən vahid “yaşıl düşüncə” tərzini yaradacaq. “Yaşıl düşüncə” qərar vermə proseslərində ətraf mühit faktorlarının nəzərə alınmasının vacibliyini vurğulayan, ekosistemlərin, insan fəaliyyətinin və planetin sağlamlığının qarşılıqlı əlaqəsini nəzərə alaraq ekoloji problemlərin dərk edilməsi və həllinə vahid yanaşmanı nəzərdə tutan bir düşüncə tərzidir. “Yaşıl düşüncə”nin əsas prinsiplərindən biri gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətinə xələl gətirmədən indiki ehtiyacların ödənilməsinə istinad edən davamlılıqdır. Belə ki, insanlarımız məhdud təbii sərvətlərin gələcək istifadəsini təmin etməli, tullantıların azaldılması və çirklənmənin minimuma endirilməsi üçün vahid ekoloji düşüncə altında birləşməlidirlər. “Yaşıl inkişaf” “yaşıl düşüncə”nin formalaşmasından başlayır.

Afət Məmmədova,

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, professor

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024