BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un və “Z.Xəlilov küç. 33” ünvanı üzrə ərazi partiya təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Z.Xəlilov küç. 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov YAP-ın VIII Qurultayında müəyyən edilən strateji hədəflərin əhəmiyyətini qeyd edərək, bu prioritetlərin partiyanın gələcək fəaliyyətində mühüm rol oynadığını bildirib. O, universitet mühitində siyasi maarifləndirmənin genişləndirilməsinin, eləcə də partiyanın ideoloji prinsiplərinin təbliğində professor-müəllim və tələbə heyətinin fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qurultayı ölkənin siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib. Partiyanın qarşısında duran əsas vəzifənin milli maraqların qorunması və dövlətçilik prinsiplərinin geniş təbliği olduğunu vurğulayıb. Bəxtiyar Nəbiyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ictimai fəallığının artırılmasında rayon təşkilatlarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
BDU-nun prorektoru Əliş Ağamirzəyev ali təhsil müəssisələrinin ölkənin ictimai-siyasi və intellektual həyatındakı rolundan bəhs edib. O bildirib ki, müasir dövrdə universitetlərin əsas hədəflərindən biri yüksək ixtisaslı mütəxəssislərlə yanaşı, milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar yetişdirməkdir. Prorektor bu cür müşavirələrin ictimai-siyasi qurumlarla əməkdaşlığı gücləndirmək baxımından faydalı olduğunu vurğulayıb.
Daha sonra YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Tarix fakültəsinin kafedra müdiri İradə Hüseynova, YAP Veteranlar Şurasının üzvü, tanınmış "91-lər"dən Şahlar Əsgərov və BDU-nun “YENİ Klub”unun sədr müavini Fərhad Hüseynzadə çıxış ediblər.
Natiqlər dövlət başçısının qurultaydakı proqram xarakterli nitqinin ölkənin gələcək inkişaf xəttini müəyyən etdiyini bildiriblər. Çıxışlarda milli maraqlar ətrafında sıx birləşməyin, təhsil sahəsində davamlı tərəqqinin və dövlətçilik ənənələrinin qorunmasının Azərbaycanın dayanıqlı gələcəyi üçün ən mühüm amillər olduğu xüsusi vurğulanıb.
Müşavirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.


 (1).jpg)









