«Yüksək mənəviyyat – yenilməz güc»

17/09/2010

Bu gün Bakı Dövlət Universitetində Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycan dilində çapdan çıxan «Yüksək mənəviyyat – yenilməz güc» adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, kitabın Azərbaycanın geniş oxucu kütləsinə çatdırılması heç də təsadüfi deyil. Çünki xalqlarımız və dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin tarixi onların öz tarixlərindən qədimdir. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ən qədim dövrlərdən bu iki xalq arasında etnik, mədəni, siyasi və iqtisadi sahələrdə sıx əlaqələr mövcud olub, ən ağır anlarda xalqlarımız bir-birinə arxa, kömək durub.

Təqdimat mərasiminin BDU-da keçirilməsinə gəlincə, rektor deyib ki, universitetlər, xüsusən də klassik təhsil ocaqları dövlətin və dövlətçiliyin barometridir. Dövlət və dövlətçilik ənənələri, mənəvi dəyərlər klassik universitetlərdə formalaşır. Tələbələrin, ziyalıların maariflənməsi baxımından kitabın təqdimatı, məhz, burada keçirildi.

«Müasir dövrdə Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı, Prezident İlham Əliyevin və Prezident İslam Kərimovun xüsusi rolu var» - deyən rektor keçən əsrin sonlarından etibarən yeni mərhələyə qədəm qoyan Azərbaycan - Özbəkistan əlaqələrinin son illər ölkə prezidentlərinin qarşılıqlı səfərləri, onların şəxsi dostluq münasibətləri sayəsində daha yüksək səviyyəyə qalxdığından bəhs edib. Bildirib ki, xalqlarımız arasındakı qardaşlıq əlaqələri, kökü çox qədim olan ortaq mədəni, əxlaqi və mənəvi dəyərlərə əsaslanır. Azərbaycanda özbək mədəniyyəti və ədəbiyyatına, Özbəkistanda isə Azərbaycan mədəniyyəti və ədəbiyyatına həmişə böyük maraq olub. Özbəkistanda Nizami, Füzuli kimi dahi şairlərin, Azərbaycanda isə özbək xalqının dahi oğlu Əlişir Nəvainin əsərləri hamının dönə-dönə müraciət etdiyi, sevə-sevə oxuduğu, bəhrələndiyi əsərlərdəndir.

Akademik Abel Məhərrəmov qeyd edib ki, təqdimatına toplaşdığımız «Yüksək mənəviyyat-yenilməz güc» adlı kitab bəşəri dəyər olan milli mənəviyyatdan, onun məna və məzmunundan bəhs edir. Əsərdə müəllif bu anlayışın məna və məzmununu, onu formalaşdıran əsas meyarları, maddi və mənəvi həyatın uyğunluğunu, mənəviyyatın insanların və cəmiyyətin həyatında tutduğu yeri və əhəmiyyəti açıqlayıb, qloballaşan dünyada milli mənəviyyatın qorunub saxlanması, inkişaf etdirilməsi məsələsinə toxunub, bunun yollarını göstərib. Burada son dərəcə mürəkkəb və çoxmənalı olan mənəviyyat anlayışının nəzəri və praktik cəhətləri hərtərəfli tədqiq olunub, mənəviyyat sahəsində mövcud problemlər, mənəviyyatın cəmiyyətin yenilənməsindəki rolu, milli mənəviyyat üçün mövcud təhlükələr kimi məsələlər işıqlandırılıb.

Akademik əsərin alim və tədqiqatçılarda, müəllimlər, yaradıcı ziyalılar və tələbələrdə böyük maraq doğuracağına, geniş oxucu kütləsinin diqqətini cəlb edəcəyinə toxunub və çıxışını Özbəkistan Prezidenti İslam Kərimovun «…xalq ulu və şərəfli yolda irəliləyən böyük bir karvana bənzəyir. Onu öz yolundan döndərməyə çalışanlar, fürsət gözləyib arxadan hücum edənlər həmişə olub, bundan sonra da olacaqdır. Karvan təhlükədən xali deyil, deyiblər. Amma xalq karvanını heç bir güc geriyə döndərə bilməz. Çünki xalqın qəlbində neçə-neçə nəsillərdən miras qalmış yenilməz bir güc – mənəviyyat var» fikirləri ilə başa vuraraq, sözü Özbəkistanın ölkəmizdəki səfiri İsmətulla İlqaşova verib. Səfir kitabın təqdimatının yüksək səviyyədə təşkil olunmasına görə rektor, akademik Abel Məhərrəmova təşəkkür edib. Deyib ki, Prezident İslam Kərimovun «Yuksək mənəviyyat – yenilməz güc» adlı kitabının Azərbaycan dilinə tərcüməsi və təqdimatının təşkil edilməsi ölkələrarası dostluq və əməkdaşlığın daha da genişləndirilməsinə, münasibətlərdə yeni səhifələr açılmasına təkan verəcək: «Özbəkistan müstəqillik əldə etdikdən sonra milli kimlik, mənəvi zənginlik dövlətin əsas prioritetlərindəndir» - deyən səfir sadə dildə yazılmış kitabın Prezident İslam Kərimovun öz analizləri, tədqiqatları əsasında qələmə alındığını vurğulayıb.

Qafqaz Müsləmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu günü həyatında əlamətdar hadisələrdən sayıb. İslam Kərimovla 20 illik dostluq tellərindən danışan Şeyx kitab qələmə alınmamış Özbəkistan prezidenti ilə bu haqda söhbətlərinin olduğunu diqqətə çatdırıb və bütövlükdə kitabı təkcə Özbəkistan xalqının yox, bütün bəşər cəmiyyətinin gələcək rifahına xidmət edəcək əsər kimi səciyyələndirib. Özbək xalqının hər zaman Azərbaycanın yanında olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini dəstəklədiyini deyib. A.Paşazadə həmçinin Şeyxülislam kimi formalaşmağında özbək xalqının böyük rolundan danışıb, bu ölkəni ikinci vətəni hesab etdiyini deyib.

Parlamentin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov isə əsəri bütün xalqlar üçün əhəmiyyətli hesab edib. O, xüsusən Özbəkistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmadığıın önə çəkib.

Deputat Nizami Cəfərov kitabın 4 əsas cəhəti haqqında danışıb. Deyib ki, əsər mənəviyyatın fəlsəfi şərhi, mənəviyyatda müstəqillik, mənəviyyatın təhdidi və dövlətin, cəmiyyətin yüksəlişinin sütunu olan mənəviyyat məsələləri ilə xarakterikdir.

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin üzvü, kitabın tərtibçi və buraxılışa məsulu Eldar Məmmədov, əsərn Azərbaycan dilinə tərcümə edəni Yaşar Qasımbəyli də kitab haqqında fikir və mülahizələrini bildiriblər.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024