Zaman bir olmaq zamanıdır

16/07/2020

 

XXI əsrdə savaşlar yalnız isti təmas xəttində aparılmır. Media texnologiyalarının inkişafı, hazırda müharibənin başqa növünü - informasiya müharibəsini ən aktual məqam kimi ortaya qoymaqdadır. Çox zaman sosial media alətləri vasitəsilə aparılan bu savaş öz təsir gücü və əhatə dairəsinə görə geniş olur və təsadüfi deyil ki, artıq informasiya müharibəsi ilə bağlı yeni modellər öyrənilir və tətbiq edilir.

Bu gün ölkəmizə qarşı da ciddi informasiya müharibəsi aparılır. Bu müharibənin yalnız düşmən ölkə tərəfindən olmasını düşünmək, təbii ki, sadəlövhlük olardı. Azərbaycan hər ciddi gücün hədəfində olacaq qədər vacib, əhəmiyyətli ölkədir: həm geosiyasi mövqeyinə, həm də geoiqtisadi durumuna görə. Bura ölkəmizin artan və təsir dairəsini getdikcə genişləndirən siyasi nüfuzunu da əlavə etsək, o zaman mənzərə tam aydın olur. Əsasən düşmən ölkə, eləcə də bölgədə, ölkəmizdə marağı olan dövlətlərin xüsusi xidmət orqanlarının “süzgəcindən” keçmiş qüvvələrin vasitəsilə aparılan bu informasiya müharibəsinin konturları bir çox məqamlarda bizə bəllidir. Lakin bu, əsla o demək deyil ki, biz arxayın olmalı və ya bu məqamlara ciddi əhəmiyyət verməməliyik. Torpaqlarımız işğal olunub, biz müharibə vəziyyətindəyik. Sadəcə, bu həqiqət hər birimizə bəs etməlidir ki, daim ayıq, necə deyərlər tətikdə olaq.

İyulun 14-dən 15-nə keçən gecə xalqın öz dövləti, Ali Baş Komandanı və ordusu ilə həmrəylik nümayiş etdirməsinin ardından baş verən təxribatlar da bunu göstərdi ki, diqqətli olmaq lazımdır. Və maraqlı məqam: bu təxribatdan dərhal sonra görüntülərin düşmən ölkənin sosial media seqmentində təbliğatına start verilməsi, insanlarımızın həmrəylik və orduya sevgi nümayişinin müharibə əleyhinə mitinq kimi təbliğ edilməsi, hətta vətəndaşların kütləvi şəkildə ayağa qalxaraq dövlət strukturlarını zorla ələ keçirməsi kimi təqdimatı sıradan bir hal deyil.

3 gündə Tovuz bölgəsində düşmənin isti təmas xəttində təxribatlara yol açmasına paralel olaraq, informasiya cəbhəsində də maraqlı və ciddi proseslərə start verildi. 2016-cı ilin aprelindən fərqli olaraq, bu dəfə ermənilər daha fərqli şəkildə informasiya məkanımıza müdaxilə etməyə çalışırlar.

Əgər 2014-cü ilin avqust və 2016-cı ilin aprelində daha çox informasiya portallarından istifadə etməklə “dairə” (“bolvanka”) modeli tətbiq edilirdisə, indi sosial mediada dilimizdə sərbəst şəkildə fikirlərini yazı ilə ifadə edən, azərbaycanlı kimi qeydiyyatdan keçmiş xüsusi olaraq hazırlanmış qruplardan istifadə edilir və nəticədə məşhur “niquş” şayiə texnologiyası dövrəyə girir.

Unutmaq olmaz ki, düşmən tərəfindən məxsusi olaraq yaradılan profillərdən müxtəlif məzmunlu və həqiqətlə əsla əlaqəsi olmayan dezinformasiyalar və şəkillər yayaraq, cəmiyyətdə ümidsizlik yaratmağa, insanlarımızın dövlətimizə, ordusuna olan inamını sarsıtmağa çalışırlar. Son üç gündə erməni tərəfinin dəfələrlə bu cür dezinformasiyalar və çəkiliş tarixi keçmişə dayanan şəkilləri son əməliyyatların görüntüləri kimi yaymağa cəhd göstərdiklərinin şahidi olduq.

Bundan əvvəlki döyüş əməliyyatları zamanı olduğu kimi, bu dəfə də məsuliyyətsiz paylaşımlara şahidlik etdik. Hətta düşmənin sosial media vasitəsilə dövriyyəyə buraxdığı dezinformasiyaları yayanlar, bu dezinformasiyaların ətrafında müzakirələr açmaqla onu faktiki olaraq leqallaşdıranlar oldu.

Təəssüf ki, onlara inananlar, belə demək mümkünsə, “küyə gedənlər” də olur. Bu səbəbdən sosial mediada paylaşılanlara diqqət etmək xüsusilə önəmlidir. Müharibə yalnız ön cəbhədə deyil, informasiya ilə də aparılır. İkinci isə birincidən daha təhlükəli və miqyasına görə genişdir. Döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır. Bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə vəzifə düşür. Bu vəzifə bizim vətənimiz qarşısında borcumuzdan qaynaqlanır.

İnformasiya müharibəsində qalib, ön cəbhədəki əsgərlərimizə dəstək üçün yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı və paylaşmalıyıq. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə Müdafiə Nazirliyidir. Mənşəyi şübhə doğuran profil və səhifələrdə yayılanlara əsla etibar etməməli, paylaşmamalı, həmin səhifələri şikayət etməliyik. Heç bir halda cəbhə xəttindən çəkilmiş və vizual olaraq hərbi texnika və əsgər mövqelərini zərrə qədər də olsa, nişan verəcək vizual görüntüləri yaymamalıyıq. Çəkən və paylaşanlardan bu görüntüləri dərhal silmələrini tələb etməliyik. Sosial mediada hər hansı fikir bildirərkən cəmiyyətimiz qarşısında daşıdığımız sosial məsuliyyətimizi nəzərə almalıyıq.

Unutmayaq ki, biz arxa cəbhəyik! Arxa cəbhədə olan düzən (!) bizim öndə düşmənlə üz-üzə dayanaraq qanı və canı bahasına savaşan əsgərimizə də öz təsirini göstərir. Zaman dövlətimiz, Ali Baş Komandanımız və ordumuzun ətrafında sıx birləşmək zamanıdır.

Biz birlikdə güclüyük!.

Vüqar Zifəroğlu

BDU-nun Jurnalistika fakültəsinin dekanı

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024