“Zəfərə gedən yol”
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Aprel döyüşlərinin hərb tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib. O qeyd edib ki, Qarabağ Zəfərinin başlanğıcı hesab olunan bu döyüşlər Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində yeni mərhələnin əsasını qoyub. Aprel döyüşləri nəticəsində Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, həmçinin Cocuq Mərcanlı, Goranboyun Gülüstan kəndi və Tərtərin Madagiz istiqamətində bir sıra mövqelər düşməndən azad edilib. Bununla da “keçilməz səngərlər” mifinin əsassız olduğu sübut olunub.
Azərbaycan dilçiliyi kafedrasının müəllimi Pərvin Eyvazov isə 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatların tarixi, siyasi və mənəvi əhəmiyyətindən danışıb. O vurğulayıb ki, Aprel döyüşləri yalnız strateji uğurlarla deyil, milli ruhun yüksəlişi, vətənpərvərlik hisslərinin güclənməsi və xalq-ordu birliyinin möhkəmlənməsi baxımından da mühüm rol oynayıb. Qeyd edilib ki, bu hadisələr regionda geosiyasi balansın dəyişməsinə təsir göstərərək Azərbaycanın müdafiə strategiyasının təkmilləşdirilməsinə təkan verib və Vətən müharibəsində şanlı Zəfərə zəmin yaradıb.
Sonda tələbələrin ifasında bədii kompozisiya və Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş olunub.




