“Zəfər Günü”nə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilib

29/10/2021

Azərbaycan Respublikasının Milli Məclisi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Vətən müharibəsində qələbənin bir illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Elmi konfrans Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransın moderatoru Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işgalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edib. Bildirib ki, Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsi regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Döyüş meydanında ordumuzun əldə etdiyi misilsiz qələbələrlə yanaşı, ölkə rəhbərinin bu həssas və taleyüklü günlərdə apardığı diplomatik mübarizə, dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələr də Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Professor Z.Əsgərov Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətindən də söz açıb.

BDU-nun rektoru Elçin Babayev dünya hərb tarixinə qızıl hərflərlə yazılan, haqqında əsrlərlə danışılacaq 44 günlük Vətən müharibəsinin ilk anlarından müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldığını, düşmənin böyük itkilər verərək geri çəkilməyə məcbur olduğunu xatırladıb. Bildirib ki, ildırımsürətli müharibə planı ilə hərəkət edən peşəkar, cəsur Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündən strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın azad olunması ilə Ali Baş Komandanımızın rəhbərlik etdiyi müzəffər ordumuz düşməni növbəti dəfə böyük məğlubiyyətə uğratdı və onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı.

Rektor Elçin Babayev sitat gətirərək bildirib ki, bu qələbə xalqımızın tarixində qazanılmış ən böyük qələbə, ən uca zəfərdir. Adı dünya hərb tarixinə qızıl hərflərlə yazılan Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən Müharibəsi ilə bütün dünyaya cəsarətli və eyni zamanda ədalətli müharibə aparmağın örnəyini göstərdi, müzəffər ordumuzun yalnız işğalçı qüvvələrlə döyüşdüyünü, hər cür təxribatlara baxmayaq, heç bir halda mülki əhalini hədəf seçmədiyini nümayiş etdirdi.

Konfransa videobağlantı ilə qoşulan Ankara Universitetinin professoru Cavid Abdullazadə, Ukraynanın Odessa Universitetinin professoru Arif Quliyev geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra BDU-nun Hüquq fakültəsinin professoru Əmir Əliyev, Hüquq fakültəsinin dosenti, Milli Məclisin üzvü Bəhruz Məhərrəmov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Kərəm Məmmədov çıxışlarında Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşaması, müzəffər Azərbaycan Ordusunun qüdrəti, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı, Türkiyə-Azərbaycan dostluq və qardaşlığından bəhs ediblər. Məruzələrdə qeyd edilib ki, 30 ildə ölkəmizdə baş vermiş hadisələrin politoloji təhlili Azərbaycanın bugünkü nailiyyətlərinin, eyni zamanda bu günkü şanlı qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayandığını deməyə əsas verir.

 

 

 

 

 

 

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024