Zəfər tariximizə qızıl hərflərlə yazılan gün

27/09/2024

Bu gün qalib Azərbaycanımızın tarixinin ən şanlı, qürurverici səhifəsinin yazılmağa başladığı gündür - Vətən müharibəsinin başlanmasından dörd il ötür.

2020-ci il 27 sentyabr tarixində səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Buna cavab olaraq, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı ilə döyüşə atıldı.

İkinci Qarabağ müharibəsi əhali arasında Vətən müharibəsi və “Dəmir Yumruq əməliyyatı” kimi qəbul edilərək, Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldı. 44 gün davam edən müharibə zamanı Azərbaycan xalqı dünya tarixində misli görünməmiş, sözün əsl mənasında, qeyri-adi birlik və fədakarlıq göstərərək ölkə başçısının ətrafında sıx birləşdi. Azərbaycan əsgəri yüksək rəşadət nümayiş etdirib, dünya hərb tarixində yeni nailiyyətlərə imza atdı. Məhz peşəkarlıq Azərbaycan ordusunun az itki ilə qısa müddətdə parlaq qələbə qazanmasına şərait yaratdı.

30 ildir qisas hissi ilə yaşayan, hər an son döyüş əmrini gözləyən rəşadətli Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə əzmlə döyüşə atıldı. Ölkə rəhbərinin müdrik və qətiyyətli qərarları sayəsində əks-hücum əməliyyatlarına başlayan şanlı ordumuz qısa müddət ərzində ildırım sürətli əks-hücum planı ilə uzun illərdir işğal altında olan tarixi torpaqlarımızı bir-birinin ardınca azad etdi, əzəli yurd yerlərimizdə Azərbaycan bayrağı yenidən və əbədi dalğalanmağa başladı.

Taleyüklü Vətən müharibəsi günlərində qədirbilən xalqımızın hər zaman olduğu kimi, Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşməsi Zəfərə gedən yolumuzun uzaqda olmadığının müjdəsini verirdi. Noyabr ayının 8-də Qarabağın ürəyi Şuşanın azad edilməsi ilə düşmən sarsıdıcı zərbə aldı. Cəmi bircə gün sonra 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması isə düşmənin yerlə-yeksan edilməsi ilə nəticələndi. 10 noyabrda xain düşmənin kapitulyasiya aktını imzalamaqdan başqa çarəsi qalmadı. İşğalçı qüvvələr 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını tərk etdilər. Beləliklə, qüdrətli Azərbaycan dövləti Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsaslanaraq Müzəffər Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz  İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfər qazandı. Xüsusi vurğulamaq lazımdır ki, 44 günlük müharibə günlərində cənab Prezidentimiz İlham Əliyev diplomatiya və informasiya cəbhəsində də əzmlə mübarizə apardı, Azərbaycanın haqlı mövqeyini məharətlə müdafiə etdi.

Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək yüksək dəyər verdiyi Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri və məzunları da, hər bir azərbaycanlı kimi, 44 günlük Vətən Müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərdi. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollandı, onlardan 22 nəfər müqəddəs şəhidlik zirvəsinə ucaldı. Torpaqlarımız uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Bakı Dövlət Universitetinin tələbəsi və məzunu olan şəhidlərimizin əziz və unudulmaz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.

Azərbaycan dövlətinin qüdrəti, qəhrəman xalqımızın sarsılmaz birliyi, qazilərimizin qanı, şəhidlərimizin canı bahasına əldə edilən tarixi Qələbəmiz sonrakı zəfərlərə yol açdı. Ötən il sentyabrın 19-da cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin olundu. Azərbaycanın qəhrəman oğulları bu tarixi qanları ilə yazdılar!

Prezident İlham Əliyev bu il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

27 sentyabr - müqəddəs şəhidlərimizin Anım Günündə torpaqlarımız uğrunda canlarından keçən soydaşlarımızı bir daha ehtiramla anırıq. Bizə Qələbə bəxş edən şəhidlərimizin ruhları qarşısında baş əyirik!

Azərbaycanın şanlı bayrağı bütöv, suveren Vətənimizin hər bir qarışında əbədi dalğalanacaq!

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bəyan etdiyi kimi, “Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024