Zəfərimizin təntənəsi - Dövlət Suverenliyi Günü

20/09/2024

Azərbaycan xalqının tarixində, taleyində sentyabr ayının öz yeri var. Azərbaycan dövləti öz Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi, igid hərbçilərimizin iştirakı, xalqımızın dəstəyi ilə son 200 illik tariximizin ən şanlı səhifəsini məhz bu ayda yazmağa başlayıb. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə işğal altında olan ərazilərimiz azadlığa qovuşdu.

Tarixi Zəfərimizin məntiqi davamı olaraq 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıldı.

24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “Antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir”.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis olundu. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Bu gün bötövləşən Azərbaycanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir.

Bütövləşən Azərbaycanımızın Dövlət Suverenliyi Günü mübarək!

Xəbərlər

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
08/10/2024

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır

BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
08/10/2024

BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur

BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur
08/10/2024